"Risk etmək istəmədik. Bu gün qalib gəlsəydik, rəqibə yaxınlaşırdıq".
"Turan Tovuz" Misli Premyer Liqasının 31-ci turu çərçivəsində səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.
Matc.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin məşqçisi Yunis Hüseynov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün qələbə qazanmaq istəyirdik. Komandamız pis təsir bağışlamadı. Əfsuslar olsun ki, qapımızda qol gördük. Buraxdığımız qollara baxsaq, görərik ki, öz səhvlərimizdən buraxırıq. Qarşıda oyunlar var, onlara hazırlaşacağıq. Çalışacağıq ki, yaxşı nəticələr əldə edək. Bu gün 2 xal itirdik.
- Gözləmək olardı ki, risk edəsiz və əsas rəqibinizə çatasız. Amma etmədiz. Niyə?
- Risk etmək istəmədik. Bu gün qalib gəlsəydik, rəqibə yaxınlaşırdıq. "Va bank" da getmək istəmədik. Qarşıda 5 tur var və hər şey dəyişə bilər. Bu gün əlimizdə olanlardan istifadə etdik. Zədəlilərimiz çoxdur. Ona görə də, risk etmədik.
- Jo Batişda niyə oynamadı? Zədələnib?
- Bəli. Zədəlilərimiz çoxdur. Dünənki məşqdə də Jo ciddi zədə aldı. Əməliyyat ediləcək. Mövsümü demək olar ki, bitirib. Zədəlilər qayıtsalar, oyunumuz tamam başqa cür olacaq.