“Uzun müddətdən sonra start heyətində ilk oyunum idi. Bu, mənim üçün xüsusi bir məna kəsb edirdi”. Matc.az xəbər verir ki, bunu millimizin futbolçusu Mahir Emreli deyib.
“Nürnberq”də forma geyinən hücumçu Almaniya II Bundesliqanın hesabat turunda “Kayzerslautern”lə oyunda vurduğu qolla komandasına qələbə qazandırıb.
O, uzun müddətdir əsas heyətdə oynamaması və qol vurmaması haqda danışıb. “Bild” nəşrinə açıqlama verən 27 yaşlı futbolçu ilk 11-likdə yer almağının onun üçün xüsusi olduğunu deyib:
“Komanda yoldaşlarıma kömək etməkdən həzz alırdım. Çətin oyun olacağını bilirdik. Komanda yoldaşlarım dedilər ki, Kayzerslauterndəki azarkeşlərin qarşısında oynamaq çətindir. Amma taktiki və mental cəhətdən yaxşı hazırlaşmışdıq. Ümid edirəm ki, bu oyun bizə qarşıdakı matçlar üçün daha çox inam verir. Əgər psixoloji olaraq hazır olsaq, bu liqada qalib gələ bilməyəcəyimiz komanda yoxdu”.