18 Sentyabr 2019, 17:01
DÖYÜŞ NÖVLƏRİ
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, dördüncü yarış günündə qadın güləşi üzrə 50, 53, 55 və 72 kq-da mübarizəyə start verilib.
Mariya Stadnik təsnifat mərhələsində Nigeriya güləşçisinə ilk hissədə qalib gəlib. Yığmamızın lideri növbəti görüşdə Hindistan təmsilçisindən güclü olub. 1/4 finalda Rusiya idmançısına göz açmağa imkan verməyən Stadnik ilk hissədə qələbəni təmin edərək adını yarımfinala yazdırmaqla yanaşı, Olimpiadaya lisenziya qazanan ilk güləşçimiz olub.
Yarımfinalda çinli rəqibiylə gərgin keçən mübarizədən də qalib ayrılan Mariya 5-ci dəfə dünya çempionatının finalına yüksəlib. Sadnik həlledici qarşılaşmada ötən il Avropa çempionatının finalında yarım dəqiqə ərzində məğlub etdiyi Rumıniya güləşçisiylə üz-üzə gəlib. Tarix təkrarlanıb və növbəti dəfə bu rəqibinə tam üstünlüklə qalib gələn Mariya 10 illik fasilədən sonra dünya çempionluğu həsrətinə son qoyub.
Beləliklə, Stadnik ikiqat dünya çempionu olub!