Oktyabrın 5-6-da Şamaxıda Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə VII Açıq Respublika turniri keçiriləcək. Matc.az xəbər verir ki, Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunacaq ənənəvi yarışda 2003-04-cü il təvəllüdlü yeniyetmə pəhləvanlar mübarizə aparacaq. 
 
Bütün bölgələrdən və idman cəmiyyətlərindən güləşçilərin qatılacağı turnirdə Rusiya, Gürcüstan, İran, Qazaxıstan, Ukrayna və Qırğızıstandan olan komandalar da iştirak edəcək.
 
Bu gün Oleq Krapivin, Azərbaycan Güləş Federasiyasının (AGF) İdman şöbəsinin müdiri Yaqub Məmmədov və AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyevin iştirakı ilə məşqçilər üçün seminar baş tutub. Tədbirdə rəsmi şəxslər idman prinsiplərinə və nizam-intizam qaydalarına riayət etməyin vacibliyini dilə gətirməklə yanaşı, yarışın reqlamentini və digər məsələləri iştirakçıların diqqətinə çatdırıb. Daha sonra püşkatma mərasimi keçirilib.
 
Qeyd edək ki, turnirdə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq-da ümumilikdə 350-dən artıq güləşçi mübarizə aparacaq. Görüşlər hər gün saat 10:00-da başlayacaq. Təntənəli açılış mərasimi oktyabrın 5-də saat 14:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest