Bu gün Şamaxıda Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə VII Açıq Respublika turniri start götürüb. Matc.az xəbər verir ki, Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan ənənəvi yarışda 2003-04-cü il təvəllüdlü yeniyetmə pəhləvanlar mübarizə aparır. 
 
Azərbaycanın bütün bölgələrindən və idman cəmiyyətlərindən güləşçilərin qatıldığı turnirdə Rusiya, Gürcüstan, İran, Qazaxıstan, Ukrayna və Qırğızıstandan olan komandalar da iştirak edir. ümumilikdə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq-da 350-dən çox güləşçi qüvvəsini sınayır.
 
Bu gün yarışın fəxri qonaqları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini yad ediblər. Onlar daha sonra Heydər Əliyev Mərkəzində olub. Saat 14:00-da isə yarışın təntənəli açılış mərasiminə start verilib. Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, AGİN-in aparıcı mütəxəssisi Tofiq Eyvazov və Oleq Krapivin çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb. 
 
Daha sonra dövlət himni səsləndirilib. Açılış mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra yerli rəqqaslar milli rəqsdə məharətlərini göstəriblər. Oleq Krapivinin dəvəti ilə Şamaxıya gəlmiş Ukraynada yaşayan soydaşımız, müğənni Vaqif Nağıyev ifasıyla güləşsevərlərin zövqünü oxşadıqdan sonra turnir qaldığı yerdən davam edib.
 
Qeyd edək ki, yarışa oktyabrın 6-da yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest