Gənclər arasında taekvondo üzrə Avropa birinciliyinə yekun vurulub. Matc.az xəbər verir ki, İspaniyanın Marina Dor şəhərində təşkil olunan yarışın son günündə komandamızın daha bir üzvü fəxri kürsüdə yer alıb.
 
78 kq çəki dərəcəsində yarışa qatılan Taleh Süleymanov ispan, rus və ukraynalı taekvondoçuya qalib gəlib. Yarımfinala adlayan Taleh digər rusiyalı idmançıya məğlub olaraq yarışı bürünc medalla başa vurub.
 
Beləliklə, gənclərdən ibarət komandamız Avropa birinciliyini üç bürünc medalla başa vurub. Əvvəlki yarış günündə digər idmançılarımızdan Səyyad Dadaşov (51 kq) və Cavab Ağayev (68 kq) də bürünc medala sahib olmuşdu.
 
Avropa birinciliyində ədalət təmsilçiləri arasında da azərbaycanlı hakim yer alıb. Belə ki, ölkəmizi qitə birinciliyində təmsil edən Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev yarışın "ən yaxşı hakimi" adına layiq görülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest