İtaliyanın "Roma" klubunun yarımmüdafiəçisi Dieqo Perotti sosial şəbəkədə azarkeşlərin suallarını cavablandırıb.
 
Matc.az xəbər verir ki, argentinalı futbolçu müsahibə zamanı 2017/18 mövsümündə UEFA çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri ev oyununu da xatırlayıb.
 
31 yaşlı oyunçu fanatlardan birinin "Ən sevimli qolunuz hansıdı" sualına bu cür cavab verib: "Mənim üçün əsas qolun gözəlliyi yox, önəmli olmasıdı. Bu mənada ilk sırada "Sampdoriya" ilə matçda vurduğum qol dayanır. Həmçinin çempionlar Liqasında lider kimi tamamladığımız qrupda "çelsi" və "Qarabağ"a vurduğum qolları da bu siyahıya əlavə edə bilərəm".
 
Qeyd edək ki, Perotti 2017-ci il dekabrın 5-də qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la ev oyununun (1:0) 53-cü dəqiqəsində fərqlənərək komandasına vacib qələbə qazandırmışdı. Argentina millisinin sabiq üzvü 2016-cı ildən "canavarlar"ın uğurları üçün çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest