"İnşallah, belə bitməz və çempionat yekunlaşar. Hər bir klub layiq olduğu yeri tutar. Biz əlbəttə ki, istəyərdik avrokuboklarda oynayaq. Lakin çempionat davam etsin, mübarizə aparaq və layiq olduğumuzun qarşılığını alaq. Biz bu gün 4-cü yerdəyiksə, deməli bunu haqq edirik"

"Sumqayıt"ın müdafiəçisi Rail Məlikovun müsahibəsi

– Fasilə dövrünü necə keçirirsən?
– Karantin günləri uzadıldı. Qaydalara riayət edirik. Vaxtımı uşaqlarla, ailəmlə keçirirəm. Bir tərəfdən çətinlik olsa da, digər tərəfdən də ailəyə vaxt ayırmaq üçün yaxşı imkandır. Evdə onlayn məşqlər keçirik və üstəlik, övladlarımı da məşqlərə qoşuram. Hər şey yolundadır. Futbola öyrəşən adam üçün evdə oturmaq çox çətindir. çalışırıq ki, müəyyən qədər bunu sığortalayaq. çempionat başlasa, tam formasız olmayaq.

– Yəqin ki, futbolçuların bir çoxu artıq çəki ilə meydana qayıdacaq. Təcrübəli futbolçu kimi necə düşünürsən, bu vəziyyəti aradan qaldırmaq üçün nə qədər zamana ehtiyac olacaq?
– Bu fasilədən qayıdandan sonra çox futbolçunun artıq çəkisi olacaq. Bunu normal hal sayıram. Ev halında nə qədər məşq etsək də, bu stadionda edilən məşqin keyfiyyətin vermir. İnanmıram ki, çox artıq çəki ilə gələn olsun, yəqin ki, 1-2 kilo fərq olacaq. çox çəkisi olanlar evdə məşq etməyənlər olacaq. Vaxt verilməlidir ki, komanda özünə gəlsin. Həmin vaxtda artıq çəkidən azad olmaq mümkün olacaq.

– Liqanın davam etdirilməməsi klublara hansı ziyanı verə bilər?
– Vəziyyət bütün dünyada eynidir. Tək bizdə olsa idi, yəqin ki, digərləri ilə müqayisədə ziyan olardı. Amma bu gün hamı eyni durumdadır, çempionatlar bərpa edilmir, oyunlar keçirilmir. Əlbəttə ki, böyük klublar fəsadlarını daha çox hiss edəcəklər. Bizim klubların elə ciddi ziyan görəcəyini düşünmürəm. çünki biz top klublarla eyni səviyyədə tutula bilmərik. Məsələn, onların reklam gəlirləri, bilet gəlirləri, televiziyada yayım gəlirləri var, bizdə bu yoxdur. Oyunçuların satış, alış gəlirləri var. Bizim çempionatda o səviyyədə deyil və eyni tərəziyə qoya bilmərik. Azərbaycan klublarına ancaq futbolçuların məşqçi baxımından ziyan vura bilər. Yəni vaxtında təlim-məşq toplanışı keçmək baxımından, üstəlik, mövsümlərin vaxtında problem yarana bilər. çünki bu mövsüm uzanar və növbəti mövsümə mane ola bilər. Qrafik baxımından çətinliklər ortaya çıxar. Avrokuboklarda oynamaq baxımından çətinlik yarana bilər və yəqin ki, bunu qitə futbol qurumu da qaydasına qoyar.

– çempionat hazırki durumda bitsə, "Sumqayıt" avrokuboklara vəsiqə qazanan klub ola bilər. Bunu istəyərdinizmi?
– İnşallah, belə bitməz və çempionat yekunlaşar. Hər bir klub layiq olduğu yeri tutar. Biz əlbəttə ki, istəyərdik avrokuboklarda oynayaq. Lakin çempionat davam etsin, mübarizə aparaq və layiq olduğumuzun qarşılığını alaq. Biz bu gün 4-cü yerdəyiksə, deməli bunu haqq edirik. Lakin istənilən halda Premyer Liqada mövsümün bitməsini istəyərdim. 
futbolinfo.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest