Futbol üzrə Azərbaycan milli komandası sabah Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya yığması ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, millimizin baş məşqçisi Canni De Byazi Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma üçün start heyətini müəyyənləşdirib.

İtalyan mütəxəssis Portuqaliya ilə oyunda olduğu kimi, qapını yenə Şahruddin Məhəmmədəliyevə tapşıracaq. Qətərlə yoldaşlıq görüşündə Emil Balayev oynasa da, rəsmi oyunda yenə "Qarabağ"ın digər qolkiperi şans qazanacaq.

Byazi serblərlə görüşdə də beş müdafiəçinin xidmətindən yararlanmağı düşünür. Belə ki, arxa xəttdə Abbas Hüseynov, Maksim Medvedev, Bədavi Hüseynov, Elvin Bədəlov və Anton Krivotsyuk ilk dəqiqələrdən mübarizə aparmaq şansı qazanacaq. Hansı ki, Portuqaliya ilə oyunda da məhz bu futbolçular millimizin start heyətində yer almışdılar.

Portuqaliya ilə oyunla müqayisədə yarımmüdafiə xəttində iki dəyişiklik var. Söhbət İsmayıl İbrahimli ilə Anatoli Nuriyevin start heyətdə meydana buraxılmasından gedir. Halbuki, onlar seçmə mərhələnin ilk oyununda sonradan meydana çıxmışdılar. Portuqaliya ilə görüşdə start heyətdə meydana buraxılmış Mahir Emreli ilə Vüqar Mustafayev isə ehtiyatda qalacaq. Əvəzində Azər Salahlı ilə Emin Mahmudov yenə ilk dəqiqələrdən mübarizə aparmaq hüququ qazanacaqlar.

De Byazinin hücum xəttindəki seçimi isə dəyişməz qalır. Baş məşqçi bu dəfə də Əli Qurbanini ilk dəqiqələrdən meydana buraxacaq.

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – Serbiya matçına saat 20:00-da start veriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest