Futbol üzrə Polşa millisi Aç-2020 öncəsi ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, sözügedən komandanın hücumçusu Arkadiuş Milik zədə səbəbindən Avropa çempionatında iştirak etməyəcək.
 
Bu barədə Polşa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Fransanın "Olimpik" (Marsel) klubunda çıxış edən futbolçunun millinin düşərgəsinə zədəli halda gəldiyi qeyd olunub. Təxminən iki həftə sürən müalicədən sonra futbolçunun tam gücü ilə məşq edə və oynaya bilmədiyi dəqiqləşib. Nəticədə 27 yaşlı hücumçu heyətdən çıxarılıb. Milikin əvəzinə heyətə hansısa futbolçunun cəlb edilməyəcəyi bildirilib.
 
Qeyd edək ki, Aç-2020 bu il 11 iyun – 11 iyul aralığında keçirilməlidir. Polşa millisi Slovakiya, İspaniya və İsveçlə birlikdə E qrupunda mübarizə aparacaq.
 
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest