14 İyul 2021, 23:37
ÇEMPİONLAR LİQASI
"Neftçi"nin baş məşqçisi Samir Abasov UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Dinamo"ya (Tiflis, Gürcüstan) qarşı keçirdikləri cavab matçını şərh edib.
Matc.az xəbər verir ki, o, 2:1 hesabıyla qələbə qazanaraq, mərhələ adladıqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında öncə bunları söyləyib:
- Azarkeşlərimiz üçün darıxmışdıq. Onlar da əllərindən gələn dəstəyi göstərdilər, bizi tək qoymadılar. Futbolçulara təşəkkür edirəm ki, belə çətin oyunun öhdəsindən gələ bildilər. Bəzi epizodlarda yaxşı, bəzilərində ürəkaçan oynamadılar. Bunlar getdikcə düzələcək. Buna yüz faiz əminəm. Futbolçular əllərindən gələni etdilər. Hər iki oyunda ürəkaçan oynamasaq da, nəticə əldə edə bildik. Azarkeşlərimizi də təbrik edirəm. Əsas olan nəticə idisə, onu da əldə etdik.
- "Neftçi" ayılmaq üçün qol buraxmalı idi?
- Fiziki yorğunluğu kənara qoysaq, bəlkə də, ilk oyundakı nəticə bizi daha rahat oynamağa sövq etdi. Əsas fikrimiz uduzmamaq idi. Gec olsa da, reaksiya verə bildik. Məncə, əsas olan nəticə idi və onu da əldə etdik.
- Komandadakı həyəcan artıq bitibmi və Harramiz hansı mövqedə daha uğurlu oynayır?
- Harramiz universal futbolçudur. Cinahlarda da oynaya bilir, hücumda da. İlk oyunda fərqli mövqedə yoxlamışdıq. Bu gün ömərə verdiyim tapşırıqları yerinə yetirdi. Ehtiyat oyunçular skamyamız zəif olduğu üçün oyunumuza güc qata bilmirik. Bəzən də bəzi futbolçuları məcburən oynadırıq. Yeni futbolçuları yoxlamalıyıq.
- Növbəti mərhələdə rəqib "Olimpiakos"dur. Bu matçla bağlı fikirləriniz nədir?
- ümid edək ki, "Olimpiakos" da səhvlərimizi bağışlayar (gülür). Bəzən təcrübəli futbolçular elə səhv edir ki, başımızı tutub qalırıq. Əminəm ki, getdikcə daha yaxşı olacağıq. Bilirik ki, bu cür səhvləri "Olimpiakos" bağışlamayacaq.
- Həyəcan nəyin həyəcanıdır? Rəqibinizin heyətində Neymar, Messi kimi futbolçular yoxdur. Həyəcan nəylə bağlıdır?
- Transfer məsələsi çətindir. Yeni futbolçunun gəlişi gözlənilir. Bizim də Messimiz yoxdur. Hondamız da yoxdur ki, belə oyunlarda daha rahat olsun. Komanda daxilində həyəcan hiss olunur. "Dinamo"nu da aşağılamayaq. ölkəsinin çempionu olub. Komanda şəklində yaxşı çıxış edirlər. Həyəcan turnirin həyəcanıdır. Birdən-birə azarkeşlərimizi də buraxdılar. Buna sevinirik. Uzun fasilədən sonra belə turnirdə oynamaq çətindir. Biz hazırda yaxşı vəziyyətdə deyilik. Getdikcə daha yaxşı olacağıq. Bizə vaxt lazımdır.
- "Dinamo" ilə oyunda tam gücünüzlə oynadız?
- Heç nəyi gizlətməmişik. Bəlkə də, bu cür oyunlar bizim də işimizi asanlaşdıra bilər. Gəlin, düzünü danışaq. Biz "Olimpiakos"la hücumda oynayacağıq? Nə edəcəyik? Qapımızda oturacağıq. Hamı düşünür ki, "Olimpiakos" bizə oynamağa imkan verməyəcək. "Dinamo" ilə oyunda etdiyimiz səhvləri təkrarlamamağa çalışacağıq.
- Transferlər niyə gecikir?
- İstədiyimiz futbolçular var idi. Sayla desək, 5 futbolçu. Lakin ala bilmədik, dünən də vurğuladım ki, daha çox oyunçuya ehtiyacımız var. Bir komandada sol cinah müdafiəçisi yoxdursa, "Olimpiakos"u necə müzakirə edək? Həqiqətən, çox çətindir. Danışıqlar yarıda qalır.
- Daha hansı mövqelərə oyunçu istəyirsiz?
- Vinger, müdafiə, dayaq yarımmüdafiəçisi, hücumçu və s. istəyirik. Bunlar bizə hava, su kimi lazımdır.
- Yeni gələnlərdən məcburiyyətdən oynatmaq ehtimalınız varmı?
- Yeni gələn futbolçu 30 faiz də hazır olsa, oynadaram. Məcburiyyətdən hər şey etmək olar.
- "Olimpiakos" da hələ oyun keçirməyib. Bunu pozitiv bir nüans olaraq qeyd edə bilərsiz?
- Həqiqətən, çox pozitivəm. "Dinamo" ilə oyunun daha çətin olduğunu düşünürəm.
- Meydançanın ot örtüyündə ciddi problem var. Bu məsələnin həlli ilə bağlı nəsə düşünürsüz?
- Bu gün fasilədə bunu müzakirə etmişik. Bu işlə məşğul olan insanlarla danışacağıq. Meydança çox ciddi problem yaratdı. Ota baxan mən deyiləm, bu işlə məşğul olmuram. Bu haqda yüz faiz danışacağıq.
- Qapıçı mövqeyinə ehtiyacınız yoxdur?
- Qapıçı da lazımdır. Bu mövqeyə də oyunçu düşünürük.