Tokio Yay Olimpiya Oyunlarının 7-ci günündə mübarizəyə start verilib. Matc.az xəbər verir ki, Azərbaycan idmançılarından öncə kişi cüdoçuların +100 kq çəki dərəcəsində Uşanqi Kokauri qüvvəsini sınayıb.
1/16 finalda Matsey Sarnatski (Polşa) ilə qarşılaşan idmançımız ippon fəndiylə qələbə qazanıb. Onun növbəti mərhələdə rəqibi braziliyalı Rafael Silva olub. Qarşılaşmanın gedişində üstünlük qazanmasına baxmayaraq, Uşangi ippon fəndi ilə uduzub.
Qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) mübarizəyə 1/8 finaldan qoşulub. 30 yaşlı idmançının rəqibi Larisa Seriç (Bosniya və Herseqovina) olub. O, ipponla qələbə qazanaraq, 1/4 finala yüksəlib.
İrina növbəti cəhdində Han Mjinlə (Cənubi Koreya) üz-üzə gəlib. Bu dəfə də təmiz qələbə qazanan Kindzerska yarımfinala çıxıb. İdmançımız bu mərhələdə Sone Akira (Yaponiya) ilə qarşılaşıb.
Bu dəfə ipponla uduzan Kindzerska bürünc medal uğrunda görüşə qatılıb. Rəqib isə çinli Şiyan Xu olub. Həlledici sınağında da ipponla qələbə qazanan idmançımız bürünc medala sahib çıxıb. Bu, həm də Azərbaycanın Olimpiadada qazandığı ilk medaldı.