27 Avqust 2022, 22:00
MPL
"Səbail"in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib.
"Səbail"in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 4:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfrasında bunları söyləyib:
"Oyuna heç də pis başlamadıq. İlk dəqiqələrdə qol epizodumuz var idi. Əks hücumda qol buraxdıq. Bu da komandaya təsir etdi. İkinci hissədə fərqli "Səbail" gördük. üç əvəzetmədən sonra komanda toparlandı. Futbolçulardan razıyıq.
"Kəpəz" mənə doğma komandadır. Amma bu, futboldur. Futbolçulara da deyirəm ki, dost-tanış, qardaş oyun zamanı yaddan çıxmalıdır. Təəssüf ki, bu gün "Kəpəz"lə oynayırdıq və ilk qələbəmiz bu komanda ilə oyunda oldu. Bütün futbolçularıma təşəkkür edirəm".
Qurbanov Emil Balayevin oynamamasına da aydınlıq gətirib: "Qarabağ"la oyundan sonra kiçik zədəsi var idi. Fikirləşirdik ki, tez keçər. Növbəti oyunlarda onu meydana buraxdıq. Bu gün qərara aldıq ki, zədənin tez keçməsi üçün ona bu oyunda istirahət verək".
Mahmud Qurbanov "Kəpəz"in hücumçusu Rauf Əliyevin ona qarşı aqressiv davranışına da münasibət bildirib: "Əslində Raufu başa düşmək olar. Komandası uduzur, qırmızı vərəqə alıb, o, hələ bilmir iş nə yerdədir. İkincisi də yayda burda qalmağı çox istəyirdi. Mən qərar verdim ki, qalmasın. çox güman ki, ona görə incik düşüb. Artıq-əskik danışmaq istəyirdi".