18 Sentyabr 2022, 22:58
MPL
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 7-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 7:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Futbolçularımı təbrik edirəm. çox yaxşı performans göstərdilər. Vacib qalibiyyət idi. Hesabda irəli olsaq da, oyunçular dayanmırdılar. Oyunçular sıx qrafikdə çox əziyyət çəkdilər".
Qurbanov bu görüşdə 4 qol vuran oğlu Musa Qurbanlı haqqında danışıb: "Musa ilk olaraq "Qarabağ", daha sonra milli üçün hazır olmalıdır. Yığmanın öz rəhbərliyi var. Bu barədə fikir bildirə bilmərəm. Qol vuran futoblçuya maraq çox olur. Bu gün 4 qol vurması tam hazır olması demək deyil. Mənim üçün vacib olan stabil göstəricilərdir. Hazırlıq mərhələləri var, bunların hamısını keçməlidir. Burda çempionat, avrokubok oyunları var. Psixoloji amil vacibdir. Gündən günə inkişaf varsa, yaxşılığa doğru gedir. öz üzərində çox çalışmalıdır. Məşqçilər olaraq bütün oyunçuların idman formasını yaxşılaşdırmaq istəyirik".
Təcrübəli baş məşqçi yerli çempionatda bəyəndilkləri oyunçuların olduğunu diqqətə çatdırıb: "Hər futbolçunun öz müqaviləsi var. O vaxt şans düşdü, istifadə etdik və Filip Ozobiçlə müqavilə imzaladıq. Yerli çempionatdakı futbolçuları da izləyirik. Bəyəndiyimiz oyunçular da var. Kimləsə bağlı fikir bildirsək, düzgün çıxmaz. Ancaq nəzarətimizdədir".
Mütəxəssis hələlik "Neftçi" ilə görüşü düşünmədiklərini söyləyib: "Futbolçularımızı oyundan-oyuna daha yaxşı hazırlaşdırmaq barədə fikirləşirik. "Neftçi" ilə matça vaxtımız var. Təəssüf ki, bütün futbolçularla hazırlaşa bilməyəcəyik".
Qurbanov heyətdə bəzi dəyişikliklər etdiklərini xatırladıb: "çox da uğurlu alındı. Bu, mənə inam verir. Avrokubokda yaxşı səviyyədə oynamaq üçün çempionatda yaxşı çıxış etməliyik. Bütün oyunçular yaxşı motivasiya olunmuşdular. Avropada az oynayan futbolçular çempionat oyunlarını gözləyirlər. Buna sevinirəm. Hər baş məşqçinin öz düşüncələri var. Yorğunluq barədə çox düşünmək istəmirik. Bəzən bu, qaçılmazdır. İnsan robot deyil. Müəyyən həddə qədər getmək olur. Yorğunluq olmamasına çalışsaq da, bəzən bu, qaçılmazdır".