Azərbaycan millisinin məşqçisi, "Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu, eyni zamanda paytaxt klubunda baş məşqçi kimi çalışmış Arif Əsədovun matc.az saytına müsahibəsi
 
- Sabah Misli Premyer Liqasının 8-ci turunda "Qarabağ" əzəli rəqibi "Neftçi"ni qəbul edəcək. Millinin məşqçisi yox, bir mütəxəssis kimi bu qarşılaşma ilə bağlı düşüncələriniz nələrdi?
- Bu komandalar arasındakı matçlar həmişə derbi xarakteri daşıyıb. Son dönəmlərdə bu iki klub arasında mübarizə daha böyük maraqla izlənilir. Buna çempionluq yolunda bir-birlərinə əsas rəqib olmaları şərait yaradır. Bu mövsüm "Sabah"ı da bu mübarizəyə qatardım. Amma yenə də əsas favoritlər "Qarabağ"la "Neftçi"di. Belə oyunlar 6 xal kimi qiymətləndirilir. Ancaq nəzərə alaq ki, bu, komandalar arasındakı ilk oyundu və onlar dörd dəfə üz-üzə gələcəklər. Buna görə də, sıradan bir matç kimi dəyərləndirirəm. Sadəcə, qalib gələn komanda xal ehtiyatını artıracaq, daha inamlı olacaq. Amma bu o demək deyil ki, həlledici görüşdü.
 
- Məğlub olan tərəfin mövsümün sonunda məhz buna görə dizini döyməyəcəyinə əminsiniz?
- Bəli, çünki çempionluq oyunu deyil. Lider komandaların Azərbaycan səviyyəsində top-matçı kimi görürəm.
 
- Əksər hallarda milli komandaların oyunlarından sonra "Qarabağ"da müəyyən eniş yaşanır. Eyni hal "Neftçi" ilə görüşdə baş verə bilərmi?
- Burada "Qarabağ"ın durumu "Neftçi"dən fərqli olaraq bir az sual doğurur. Dediyiniz fakt var ki, çox sayda oyunçuları millidə olub. İkinci faktor da odu ki, "Qarabağ"ı bir neçə gün sonra Avropa Liqasında "Olimpiakos"la səfər qarşılaşması gözləyir. Sual yaranır ki, Qurban Qurbanov "Neftçi" önünə əsas heyəti buraxacaq, yoxsa bəzi aparıcı oyunçuları qorumaqla "Olimpiakos"u düşünəcək? Şəxsən mən düşünürəm ki, "Qarabağ" əsas heyətlə çıxış edəcək. çünki komanda çoxdandı bir yerdə deyil. "Neftçi" ilə oyuna "Olimpiakos"la matçın hazırlığı kimi baxa bilərlər. Heyətdəki futbolçuların bir-birlərinə yenidən uyğunlaşması, ritmi bərpa etmək baxımından buna gedəcəklərini fikirləşirəm. "Olimpiakos"la matçı düşünərək sabah komandanın xeyrinə olmayan taktiki gedişlər də edə bilərlər. Amma tam əksi də ola bilər. "Qarabağ" daim öz oyun sxeminə sadiq qalıb. Belə davam etmələri də istisna deyil.
 
- Sizcə, bu görüşdə həlledici rolu nə oynayacaq?
- Hansı tərəfin daha çox istəkli olması və psixoloji durum çox vacibdi. "Neftçi" ikiqat mübarizlik, xarakter keyfiyyətləri ortaya qoymalıdı ki, qalib gələ bilsin. çünki ustalıq və oturuşmuş heyət baxımından "Qarabağ" rəqibini üstələyir. Bu amil Ağdam təmsilçisini bir addım önə çəkir.
 
- Yay fasiləsində məşqçi və futbolçu heyətində köklü dəyişiklik edən "Neftçi" ilk 7 turunda 6-da qələbə qazanıb. Sizcə, "ağ-qaralar" artıq əsl güclərini ortaya qoya biliblər, yoxsa bu komandanın daha böyük potensialı var?
- Həqiqətən də, xal ehtiyatı baxımından çox yaxşı gedirlər. Yeganə xal itkiləri "Sabah"a məğlub olduqları görüşdə olub. Qalan matçlarda maksimum nəticə qazanıblar. Amma deməzdim ki, öz oyunlarını tutublar, məşqçinin fəlsəfəsi, nə istədiyi tam görünür. Matçlarında daha çox fərdi bacarıqlar aşkara çıxır, ustalıqları hesabına qələbələr qazanırlar. "Neftçi"də hər şey yaxşıya doğru gedir, ancaq hələ optimal formada deyillər.
 
- Hər iki komandada oynamısınız, "Neftçi"yə rəhbərlik etmisiniz. özünüzə hansını daha yaxın hiss edirsiniz?
- "Neftçi"nin heyətində 3 dəfə çempion olmuşam, 2 dəfə kubok qazanmışam. Məşqçi kimi də həm əsas, həm də əvəzedici komandanı çempion eləmişəm. Hər iki komanda mənim üçün doğmadı. Millinin məşqçisi kimi fikir bildirməyim düzgün deyil, neytral mövqedə olmalıyam. Bütün bunları bir kənara qoysaq, "Neftçi"nin yetirməsiyəm, uşaqlıq illərim oradan başlayıb, bu komandada püxtələşmişəm. Qazandığım uğurların əsas payı "Neftçi"yə düşür, bu klubda tanınmışam. Köhnə futbol azarkeşlərindən soruşsanız, məni "Neftçi"li kimi tanıyacaqlar. Bu baxımdan mən də özümü daha çox "Neftçi"li kimi hiss edirəm, bu komandaya simpatiyam daha çoxdu. Təbii ki, "Qarabağ" avrokuboklarda oynayanda hamımız onun qələbəsini arzulayırıq. Bir mütəxəssis və azarkeş kimi intriqanın güclənməsi üçün bu mübarizənin sona qədər davam etməsini istərdim. Hər ikisinə uğurlar, güclü qalib gəlsin.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest