Premyer Liqamız nəhs turdan çıxsa da, hələ də nəhsdən çıxmayan komandalar var. Xüsusən, ikinci "beşlik"dəki klubların durumuna baxdıqda, bəzilərinin çempionatda nə üçün iştirak etdiklərini anlamaq mümkün deyil. 

Məsələn, "Səbail"in yay fasiləsində ani manevrlə baş məşqçi dəyişikliyinə getməsi və əcnəbi transferləri iddialılar sırasına qoşulmağa xidmət edirdi. Di gəl ki, bakılılar indi yalnız autsayderlər zonasını bir neçə xal qabaqlamaqla öyünə bilir. Əcnəbi transferləri ilə heyətini zənginləşdirən "Sumqayıt" hələ də qələbənin nə olduğunu bilmir. "Şamaxı" isə nəticələri ilə sələfi olan "İnter" və "Keşlə"nin atasına rəhmət oxutdurur.

Şübhəsiz, mövsümün əvvəlində əsas diqqətlər "Turan Tovuz"la "Kəpəz"ə yönəlmişdi. çünki Tovuz və Gəncə yenidən Premyer Liqada təmsil olunurdu. Azərbaycan futbolunun beşiyi sayılan bu bölgənin təmsilçiləri, demək olar ki, eyni şəraitdə başladı. Hətta "Kəpəz" komandanı tanıyan baş məşqçisini saxlamaqla bir addım öndə idi. Tovuzlular isə baş məşqçidən tutmuş, futbolçu heyətinə qədər böyük dəyişiklik etdi. Yəni gözləmək olardı ki, "Turan Tovuz"un çempionatda vəziyyəti daha acınacaqlı olacaq. Lakin klub rəhbərliyinin baş məşqçi seçimi zamanı doğru addımı atması və büdcəyə görə yerində transferlər etməsi uğura aparan yolun başlanğıcı oldu.

İnsaf naminə heç kim hazırkı perioda qədər debütant komandadan 15 xal toplamasını gözləmirdi. Klub rəhbərliyinin baş məşqçiyə inamı və Ayxan Abbasovun da ölkənin ən bacarıqlı mütəxəssislərindən biri olması "Turan Tovuz"u mövsümün kəşfinə çevirdi. Elə "Qarabağ"la 3-cü turdan təxirə salınan matçdakı mübarizə çalışdırıcının qısa müddətdə nə qədər yol qət etdiyini göstərdi. çempiona 0:2 hesablı məğlubiyyətə baxmayaraq, komanda 90 dəqiqə ərzində oyun intizamından qopmadı, istər müdafiə, istərsə də hücum anlamında kollektiv şəkildə hərəkət etdi. Az qala sıfırdan yığılan komanda ilə bir neçə ay ərzində bunu bacarmaq hər oğulun işi deyil.

"Turan Tovuz" rəhbərliyi yayda Ayxan Abbasovu baş məşqçi postuna gətirəndə, ona güvəndiyini göstərdi. Daha "Şamaxı" rəhbərliyi kimi, mövsüm başlamamış "qışa qədər davam edək, ondan sonrasına baxarıq" demədilər və ya "Kəpəz"dəki kimi qruplaşmalarla baş məşqçinin "başını yemədilər". Ancaq təəssüf ki, Tovuz klubunda da son vaxtlar kənar qüvvələr təsir göstərməyə başlayıb. Gəncəlilər kimi, bəzi tovuzlu "mütəxəssis"lərin gözləri gəlmə məşqçinin uğurunu götürmür. Nəticədə bir neçə öyrədilmiş "azarkeş" oyunlar zamanı baş məşqçi və futbolçular üzərində təzyiq qurmağa başlayır, istər-istəməz daxili ab-havanı pozur. "Şamaxı" ilə qarşılaşmadan sonra Ayxan Abbasovun dedikləri qara qüvvələrin artıq təsir gücünü artırdığını göstərirdi.

"Turan Tovuz" rəhbərliyi "Kəpəz"in durumuna düşmək istəmirsə, bu kimi hallara qarşı qabaqlayıcı tədbir görməli, məşqçilərini və futbolçularını onlardan qorumalıdı. Tovuzlu baş məşqçi arzulayan yerli mütəxəssislər isə başa düşməlidi ki, Ayxan Abbasovun gedişi komandanı süquta uğradar. Abbasov ona güvənənləri heç vaxt üzüqara etməyib. "Sumqayıt"da gördüyü işlər dillər əzbəridi. Tovuzda artıq avrokuboklara vəsiqənin mümkünlüyü müzakirə edilirsə, bunun memarı məhz rəhbərlik və baş məşqçidi. Yerli futbolsevərlər Ayxan Abbasovun arxasında dursalar, rəhbərliyin işinə müdaxilə etməsələr, yaxın illərdə "Turan Tovuz" adını avrokubokların iştirakçıları sırasında görə bilərlər. Baş məşqçi də hər açıqlamasında bu günün yox, sabahın heyətini formalaşdırmağa çalışdığını söyləyir. Bunun uğurlu alınması üçün də səbir etmək və güvənmək lazımdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest