Azərbaycan millisinin sabiq futbolçusu, "Səbail"in keçmiş baş məşqçisi Aftandil Hacıyevin matc.az saytına müsahibəsi

- Azərbaycan millisinin Moldova və Şimali Makedoniya ilə yoldaşlıq görüşləri üçün açıqlanan heyəti sizdə hansı təəssüratı yaratdı?
- Yığmanın heyəti ilə tanış oldum, yeni adlar var. Ceyhun Nuriyev, Rövlan Muradov, Cəlal Hüseynov kimi gənclər çağırılıb. Bunların fonunda Qara Qarayevin yenidən kənarda qalması təəccüblü gəldi. Ancaq gənclərin dəvət edilməsi gələcəyə doğru atılan addımdı. Hər ikisi klubunda mövsümü yüksək səviyyədə keçirir. Məncə, baş məşqçi bunları nəzərə alaraq həmin uşaqlara dəvət göndərib. Digər tərəfdən yoldaşlıq görüşündə yeni adlar görmək normaldı.

- Sizin üçün təəccüblü ad olmadı?
- Təcrübəli futbolçuların diqqətdən kənarda qalması bir qədər narahatlığa səbəb ola bilər. Xüsusən də, Qara Qarayevin bundan sonra milli karyerasının bitib-bitmədiyi sual altındadı.

- Eddi İsrafilov zədə ucbatından kənarda qalsa da, Qara Qarayev yenə siyahıya salınmadı. Bununla, onun milli karyerasının bitdiyini düşünmək olar?
- Elə bir mənzərə yaranıb ki, Qara artıq yığmaya çağırılmayacaq. Eddinin yoxluğunda da çağırılmırsa, deməli, səbəb İsrafilov deyil.

- Moldova və Şimali Makedoniya ilə oyun komandamıza nə verə bilər?
- Baş məşqçi yeni oyunçuları sınaqdan keçirə, start heyətində şans verəcəyi futbolçuları müəyyənləşdirə bilər. Bu iki görüş qarşıdan gələn Avropa çempionatının seçmə mərhələsinə hazırlıq baxımından önəmlidi. Kimin hansı durumda olduğunu, sistemə necə uyğunlaşacağını bilmək baxımından yaxşı fürsətdi. Amma demək olmaz ki, seçmə mərhələyə elə bu heyətlə başlayacaqlar. Düşünürəm ki, növbəti toplanışda heyətdə müəyyən dəyişikliklər olacaq.

- Rəqib seçimi barədə nə deyə bilərsiniz?
- Yaxşı rəqiblərdi. Nəzərə alaq ki, Şimali Makedoniya son Millətlər Liqasında uğurlu çıxış edib. Moldova da dişimizə görə rəqibdi. Onlara qarşı matç futbolçuların həm hücum, həm də müdafiə planında nəyə qadir olduğunu görmək baxımından önəmlidir.

- Moldovanı seçmə qrup mərhələsindəki rəqiblərdən Estoniyaya bənzətmək olar?
- Bu iki komandanın güc nisbətini eyni saymaq olar. Onu da nəzərə almaq lazımdı ki, bir neçə gündən sonra dünya çempionatı start götürəcək. Yoldaşlıq görüşləri isə əsasən mundiala getməyən komandalar arasında olacaq. Bu baxımdan indiki vaxtda daha güclü rəqib tapmaq real görünmürdü. Məncə, seçilən rəqiblər normaldı.

- 26 futbolçudan cəmi beşinin legioner olmasının nə kimi mənfi cəhətləri var?
- Son oyunlar göstərdi ki, kənarda çıxış edən futbolçular yaxşı formadadı. Həm Renat Dadaşov, həm də Ozan Can Kökçü milliyə fayda verəcəklər. Bəziləri Avropada doğulan Azərbaycan əsilli ola bilər. Onları ayırmaq istəməzdim. ümumilikdə yığmanın kənarda oynayan futbolçuları son vaxtlar daha yaxşı görünürdülər. Bu o deməkdir ki, nə qədər çox legionerimiz olsa, bir o qədər yaxşıdı.

- Gələn il AVRO-2024-ün seçmə mərhələsində təxminən bu heyətlə çıxış edəcəyik. Hazırkı yığma gələcəyə nikbin baxmağa imkan verir?
- Qrupumuza düşən komandalarla başabaş mübarizə aparmağımız çətin olar. Bu heyətlə gələcəkdə nəsə eləmək mümkündü. Amma bu gün bunun real olub-olmaması böyük sualdı. İndiki durumda Belçika, Avstriya kimi komandalarla mübarizəyə hazırıqmı? Zənnimcə, buna birmənalı cavab vermək çox çətindi. Hələ ki, komanda oyunu tam görə bilmirik. Ancaq futbolçuların fərdi keyfiyyətləri pis deyil. Yaş həddi də yaxşıdı. Bəzi təcrübəlilər də artıq dəvət olunmurlar. Millinin gələcəyinə nikbin baxmaq olar. Ancaq bunun üçün işi strateji baxımdan düzgün qurmaq lazımdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest