Misli Premyer Liqasının XXXII turu "Qarabağ"ın 3 oyunçusu üçün düşərli olub. Matc.az xəbər verir ki, "Neftçi" ilə görüş Rahil Məmmədov, Kevin Medina və Ramil Şeydayev üçün əlamətdar olub.
 
Ağdamlıların 4:2 hesablı qələbə qazandığı görüşdə bir qolun müəllifi olan Şeydayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. 27 yaşlı forvard bu müddətdə rəqib qapılarından 33 top keçirib. Millimizin üzvü Premyer Liqada "Qarabağ"  (72 oyun, 27 qol) və "Sabah"ın (28 oyun, 6 qol) şərəfini qoruyub.
 
"Neftçi" ilə görüş "ağ-qaralar"ın yetirməsi olan Rahil Məmmədovun da ölkə çempionatında 100-cü matçı olub. 28 yaşlı mərkəz müdafiəçisi "Neftçi"də 32, "Səbail"də 13, "Qarabağ"da 48, "Zirə"də isə 7 qarşılaşmada iştirak edib. Məmmədov yeganə qolunu "Qarabağ"ın heyətində vurub.
 
Kolumbiyalı Kevin Medina isə 100-cü dəfə "Qarabağ"ın forması altında oyuna çıxıb. 30 yaşlı mərkəz müdafiəçi Premyer Liqada 63 ölkə kubokunda 8, avrokuboklarda isə 29 dəfə ağdamlıların formasını geyinib. Medina çempionatda və avrokuboklarda 1 dəfə fərqlənib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest