Misli Premyer Liqasında sona 4 tur qalmış bürünc medalı təmin edən "Neftçi" 2023-24 mövsümündə Azərbaycanı Konfrans Liqasında təmsil edəcək. Matc.az saytının məlumatına görə, "ağ-qaralar" II təsnifat mərhələsindən yarışa başlayacaq üç komandamızdan biri olacaq.
 
"Neftçi" kimi, gələn mövsüm bu raunddan mübarizəyə start götürəcək daha 10 klub məlumdu. Püşkatma zamanı onlardan "Bodo-Qlimt" (Norveç), "Yurqarden" (İsveç), "Rusenborq" (Norveç) və "Spartak" (Trnava, Slovakiya) səpələnmişlərdə, "Ordabasi", "Aktobe" (hər ikisi Qazaxıstan) və "Auda" (Latviya) isə səpələnməmişlərdə yer alacaq.
 
"Kups" (Finlandiya), "Hammarbü" (İsveç) və "Jalgiris"in (Litva), eyni zamanda "Neftçi"nin hansı səbətdə olacağı hələlik məlum deyil. Bu, digər iştirakçıların kimliyindən asılı olacaq. Azərbaycan təmsilçisi hələlik qeyri-müəyyənlər sırasında qərarlaşsa da, aktivində 9.000 reytinq xalı olduğundan, səpələnmişlərə daha yaxındı.
 
Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 21-də keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest