21 iyun-2 iyul aralığında Polşada təşkil olunan III Avropa Oyunları başa çatdı.

Krakova 14 növdə 100 idmançı ilə yollanan Azərbaycan komandası artıq vətənə geri dönüb. Cəmi 11 medalla (3 qızıl, 2 gümüş, 6 bürünc) qayıtdılar.

Hər 3 qızıl medalı qeyri-olimpiya növləri üzrə təmsilçilərimiz qazandılar. Karateçilər İrina Zaretska və Tural Ağalarzadə, həmçinin kikboksçu Fərid Ağamoğlanovun əldə etdikləri birincilik ümumilikdə Azərbaycan idmançılarının rüsvayçı çıxışlarını bir qədər kölgəyə salsa da, nəticənin fiasko olduğu faktı danılmazdır. Rəqəmlər, adlar və statistika bütün çılpaqlığı ilə analiz olunmaq üçün hazırdır.

Taekvondoçu Səyyad Dadaşovla boksçu Məhəmməd Abdullayevin qazandıqları gümüş medallar, o cümlədən Asiman Qurbanlı (karate), Qaşım Maqomedov (taekvondo), Xəyal Əliyev, Aysu Dərvişova, Emiliya Rzayeva (hər üçü muay-tay) və Murad Allahverdiyevin 3-cülükləri böyük zəhmət və əziyyət hesabına başa gəldi, buna söz yox. Hər bir idmançı alqışa və təşəkkürə layiqdir.

Lakin bu, bir reallıqdır ki, şərq əlbəyaxa döyüş növləri xüsusən Avropa və dünyada ciddi sanbala malik deyil. üstəlik, mütləq şəkildə xatırlatmalıyıq ki, Ukraynaya müharibə və dəstək səbəbindən yarışlarda liderlərdən Rusiya, həmçinin Belarus iştirak etmirdi, dünya nəhəngləri - ABŞ, Braziliya, Yaponiya, Koreya, çin kimi hegemonlar qitə Oyunlarında təmsil olunmur.

Cüdonun proqrama yalnız komanda yarışı formasında salındığını nəzərə almaqla, bunu da qeyd edək ki, bəli, daha az medal qazanmağımıza həm də güləş və cüdo yarışlarının budəfəki Avropa Oyunlarının siyahısında olmaması səbəb oldu. Amma bütün məqamlar idman ölkəsi sayılan, idmana və idmançılara yüzminlər xərcləyən Azərbaycan kimi güclü, nüfuzlu dövlətin 41 ortabab respublika arasında 24-cü olmasına heç bir halda haqq qazandıra bilməz!

Milli komandalara cəlb edilən əcnəbilər, sərf edilən milyonlar, yüzlərlə təlim-məşq toplanışları, yaradılan lüks şərait və.s.-nin əvəzi bu olmalı deyil, olmamalıdır. Dünya və Avropa çempionatlarında son illər fiaskodan başqa nəticəmiz yoxdur. Cüdo, boks, taekvondo kimi bizə xarakterik olimpiya idman növlərində quyunun dibinə enmişik, hegemonların olmadığı Avropa Oyunlarında da ciddi bir nailiyyət qazana bilmiriksə, deməli, aparılan iş, qurulan strategiya tamamilə yanlış istiqamətdədir.

ölkə başçısı İlham Əliyevin 2020-ci il Tokyo olimpiadasından sonra səsləndirdiyi sərt bəyanatın nəticəsi budur? Azərbaycan üçün qeyri-ənənəvi idman növlərinə illərdir milyonların xərcləndiyi göz qabağındadır. İndiyədək ciddi bir uğur yoxdursa, medallar qazanmaq üçün əla fürsət sayılan Avropa Oyunlarından əlləri ətəklərindən uzun qayıdırlarsa, demək, aidiyyəti federasiyaların bütün heyətləri sıfırlanmalı, buraya yalnız gəzməyə və pul qazanmağa gətirilmiş əcnəbi idmançıların hamısı birmənalı şəkildə yola salınmalıdır, başqa variant yoxdur.

Misal üçün, ilk dəfə 2015-ci ildə Bakıda təşkil edilmiş Avropa Oyunlarında ölkəmiz 21-ı qızıl olmaqla 56 medal qazanmış və ümumi sıralamada 2-ci yeri tutmuşdu. Azərbaycan komandası 4 il sonra Belarusun paytaxtı Minskdə keçirilmiş Avropa Oyunlarında isə himnimizi 5 dəfə çaldırmaqla, ümumilikdə, 28 medal qazanaraq sıralamada 10-cu olmuşdu.

Gəlin, Azərbaycanın III Avropa Oyunlarında təmsil olunduğu idman növlərinə və idmançılara nəzər salaq, o zaman söylənilənlərin həqiqətlə necə uzlaşdığının şahidi olacaqsız.

Oyunlarda 100 idmançımız 14 idman növü - oxatma (1 nəfər); badminton (4 nəfər); çimərlik futbolu (13 nəfər); boks (12 nəfər); qılıncoynatma (12 nəfər); cüdo (11 nəfər); karate (8 nəfər); muay-tay (4 nəfər); kikboksinq (2 nəfər); padel (2 nəfər); atıcılıq (10 nəfər); taekvondo (8 nəfər); triatlon (1 nəfər) üzrə mübarizə aparıb.

İdmançılar isə bunlar olublar:

Boks (12) - Məsud Yusifzadə, ümid Rüstəmov, Malik Həsənov, Sərxan Əliyev, Murad Allahverdiyev, Loren Berto Alfonso Domingez, Məhəmməd Abdullayev, Anaxanım İsmayılova, Zeynəb Rəhimova, Məhsəti Həmzəyeva-Ağamalıyeva, Şəhla Allahverdiyeva, Aynur Rzayeva - Nəticə: 2 medal (!)

çimərlik futbolu (13) – qapıçılar – Elçin Qasımov və Vaqif Şirinbəyov, oyunçular - Elşad Manafov, Orxan Məmmədov, Elçin Qasımov, Amid Nəzərov, Ramil Əliyev, Sabir Allahquliyev, Cömərd Baxşəliyev, Kamil Hüseynov, İsa Zeynallı, Fuad Hüseynov, Kamran Qürbətov - Nəticə: 5-ci yer

Cüdo (11) - Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev, Elcan Hacıyev, Vüqar Talıbov, Camal Həmzətxanov, İmran Yusifov, Fidan Əlizadə, Südabə Ağayeva, Günel Həsənli, Nərmin Əmirli, Nigar Süleymanova - Nəticə: 0 medal (!)

Qılıncoynatma (11) - Anna Başta, Valeriya Bolşakova, Polina Kaspiaroviç, Səbinə Kərimova, Saleh Məmmədov, Murad Əkbərov, Maksud Hüseynli, Ayxan Xasıyev, Kənan Əliyev, Ruslan Həsənov, Barat Quliyev - Nəticə: 0 medal (!)

Atıcılıq (10 nəfər) - Ruslan Lunyov, Nigar Nəsirova, Nurlana Cəfərova, Regina Meftahətdinova, Sevda Nəcəfova, Aydan Camalova, ülviyyə Eyvazova, Alina Rəfixanova, Nərminə Səmədova, Nərmin Abbaslı - Nəticə: 0 medal (!)

Karate (8) - Əminağa Quliyev, Tural Ağalarzadə, Fərid Ağayev, Asiman Qurbanlı, Fidan Teymurova, Mədinə Sadıqova, İrina Zaretska, Fəridə Əliyeva - Nəticə: 3 medal (!)

Taekvondo (8) - Qaşım Maqomedov, Cavad Ağayev, Eltac Qafarov, Taleh Süleymanov, Səyyad Dadaşov, Minayə Əkbərova, Patimat Abakarova, Fəridə Əzizova - Nəticə: 2 medal (!)

Badminton (4) - Edi Reski Dviçayo, Ezmi Qovimuramadhoni, Keyşa Fatimə Zəhra, Era Məftuha - Nəticə: 0 medal (!)

Muay-tay (4) - Emiliya Rzayeva, Məhəbbət Hümbətov, Xəyal Əliyev, Aysun Dərvişova - Nəticə: 3 medal

Kikboksinq (2) - Elşad Şahbazov, Fərid Ağamoğlanov - Nəticə: 1 medal

Padel (2) - Nərminə Bağırova, Samirə Əliyeva - Nəticə: 0 medal

Kamandan oxatma (1) - Yaylagül Ramazanova - Nəticə: 0 medal

Triatlon (1) - Rostislav Pevtsov - Nəticə: 0 medal.

Bu, faktlardır, əzizlər. Polşaya dincəlməyə gedən cənablar-bəylər, indi oturub yekunları yaxşı-yaxşı analiz edin. Gündəlik qeydlər tutan hörmətli gənclər və idman naziri Fərid Qayıbov, onun əlçalanları, tullanıb-düşənləri, unutduğunuz adınız kimi əmin olun ki, III Avropa Oyunlarının nəticəsi fiaskdour! Bunu danmaq mümkün deyil. Cənab nazir, bunu da gündəliyinizə qeyd edin, gələcəkdə lazım olacaq...

mediasport.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest