“Ötən il sonlarda olan komanda bu il birinci ola bilməz”.

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Qarabağ”a 3:1 hesabı ilə məğlub olan “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “İtkilərimiz çox idi. Sistem dağılmış vəziyyətdə idi. İstəyirdik ki, ilk 15 dəqiqə qol buraxmayaq. "Qarabağ"ın əsas heyətlə olacağını gözləmirdik. Bu komandaya qarşı oynamağa nəinki biz, Avropa komandaları da çətinlik çəkir. İkinci hissədə açıq futbol oynamağa çalışdıq. Həm qol vurduq, həm buraxdıq. Səlahət Ağayevə halal olsun. Futbolçulara da dedim ki, itirəcək nəsə yoxdu. Qazana bilərik. İkinci hissəyə hücumçusuz çıxdıq. Qarşıda oyunlarımız var, önümüzə baxmalıyıq. Futbolçunun yaxşı və pis günü olur. Cabir Əmirli əməliyyt olunub. Müdafiədə problemlərimiz var. Yusif Nəbiyev də zədəli oynadı. Zədəlilər qayıdandan sonra daha yaxşı olacağıq. Komanda birdən-birə birinci yeri tuta bilməz. Hər şey pillə-pillə olacaq. Ötən il sonlarda olan komanda bu il birinci ola bilməz. Pulumuz var deyə xərcləməli deyilik. Komanda qurmağa çalışırıq. 10 oyunçumuz milli komandalara dəvət alıb. Dediyim ki, hər şey birdən olmur. Bu gün heyətdə akademiyadan, əvəzedici komandadan oyunçu var idi. Hər şey pillə-pillə olmalıdır. Komandanın potensialı var. Qarşımızda əsas hədəf "altılıq"da olmaqdır. Bacarıqlı oyunçularımız var. 13 oyundur qol vururuq. Bu gün ikinci hissədə irəli atıldıq. İtirəcək nəsə yox idi”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest