«Komandamı qələbə münasibətilə, “Mladost”u isə gözəl oyuna görə təbrik edirəm. Biz ən yaxşı oyunumuzu göstərmədik, zədə problemlərimiz var, amma qazandıq və bu ən vacibidir»

Xorvatiyanın «Mladost» qadın voleybol klubu CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində «Turan»a (Tovuz) uduzaraq turnirə vida edib. Matc.az xəbər verir ki, Zaqrebdəki cavab oyununda xorvatiyalılar 2:3 hesabı ilə (22:25, 25:21, 23:25, 25:23, 13:15) məğlub olublar. Tovuzda keçirilmiş birinci görüşdə isə «Turan» 3:0 qalib gəlmişdi.

Komandanın üzvü Ana Prkaçin oyundan sonra yoldaşları ilə fəxr etdiyini bildirib: «Görüş son xala qədər qeyri-müəyyən idi. Qızıl setə çatıb, orada “Turan”ı təəccübləndirməyə və Çempionlar Liqasında mübarizəni davam etdirməyə ümid edirdik».

Prkaçin Avropa yolunun bitmədiyini də vurğulayıb. «Mladost» noyabrın sonunda CEV Kubokunda Buxarestin «Dinamo»su ilə qarşılaşacaq. O, bu dəfə daha yaxşı nəticə istədiyini deyib: «Bütün komandamla çox fəxr edirəm, Avropa yolunda daha da yaxşı olacağımıza ümid edirəm».

«Turan»ın voleybolçusu Marta Drpa isə təcrübənin qələbədə həlledici rol oynadığını düşünür: «Komandamı qələbə münasibətilə, “Mladost”u isə gözəl oyuna görə təbrik edirəm. Biz ən yaxşı oyunumuzu göstərmədik, zədə problemlərimiz var, amma qazandıq və bu ən vacibidir».

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest