13 Noyabr 2023, 12:15
FUTBOL
Davit Volkov “Sabah”ın tarixinə düşüb. Matc.az xəbər verir ki, gürcüstanlı forvard Bakı klubunun heyətində Premyer Liqada het-trikə imza atan ilk futbolçu kimi tarixə düşüb.
28 yaşlı oyunçu bunu XIII turda “Turan Tovuz”la görüşdə bacarıb. Paytaxt təmsilçisi məhz Volkovun vurduğu qollar sayəsində 3:2 hesablı qələbə qazanıb.
Gürcüstan millisinin üzvü Premyer Liqamızda isə ikinci dəfə het-triklə yadda qalıb. O, 2021-ci il noyabrın 6-da “Zirə”nin heyətində məhz “Sabah”la qarşılaşmada 3 dəfə fərqlənib. Həmin matç 3:3 hesabı ilə bitmişdi.
Bununla o, Azərbaycan çempionatlarında ən çox het-trik müəllifi olan legionerlərə qoşulub. Volkova qədər Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silva da 2 dəfə het-triklə yadda qalıb.
“Turan Tovuz”la görüşdə vurduğu ikinci qol isə Volkovun çempionatımızda 40-cı topu olub.
Gürcüstanlı futbolçu Premyer Liqada keçirdiyi 132 qarşılaşmada 41 dəfə fərqlənib. O, “Qəbələ”də 7, “Zirə”də 20, “Sabah”da 14 dəfə rəqibi mərkəzə dəvət edib.