15 Noyabr 2023, 12:42
FUTBOL
“Uzun müddət Rusiya Premyer Liqasında çıxış etmişəm. Orada oynadığım zaman “Zenit”də məşhur futbolçular çox idi, bu komanda rəqiblərindən üstün olurdu. Ancaq indi həmin dominantlıq qalmayıb”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin rusiyalı futbolçusu Reziuan Mirzov deyib.
O, Sankt-Peterburq klubu ilə keçiriləcək yoxlama görüşü ilə bağlı mətbuat konfransında çıxış edib. 30 yaşlı yarımmüdafiəçi “Zenit”in əvvəlki gücündə olmadığını düşünür: “Zenit”də çox dəyişiklik olub, əvvəlki kollektiv deyil. Tula “Arsenal”ında oynayanda “Zenit”ə 4:2 hesabı ilə qalib gəldiyimiz görüşdə qollardan birini mən vurmuşdum. Həmin vaxt “Arsenal” Avropa Liqasında “Neftçi”yə rəqib olmuşdu. Yoldaşlıq matçında da “Zenit”ə qol vurmağa çalışacağam”.
Mirzov Azərbaycan çempionatında çətin dönəmdən keçdiklərini söyləyib: “Azarkeşləri də başa düşürük. Sonuncu oyunumuz da yaxşı alınmadı. Vəziyyəti dəyişməyə çalışacağıq”.
O, eyni zamanda ərazi bütövlüyünün bərpa olunması münasibətilə Azərbaycan xalqını təbrik edib: “Daha əvvəl jurnalistlər qarşısına çıxmadığım üçün təbrik bu vaxta təsadüf etdi”.
Qeyd edək ki, noyabrın 18-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zenit” matçı saat 21:00-da başlayacaq.