“Bu təşəbbüsü AFFA-nın baş katibi Sərxan Hacıyev irəli sürmüşdü”. Bunu matc.az saytına AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli deyib.
Assosiasiya rəsmisi azərbaycanlı məşqçilərin Türkiyədə təcrübə toplaması barədə danışıb. Onun sözlərinə görə, ötən mövsüm U-17 və U-19 liqalarında qalib gəlmiş komandaların baş məşqçiləri Saşa Yunusoğlu ("Sabah", U-19) və Zaur Hacıyevin ("Qəbələ", U-17) qardaş ölkədə təcrübə keçməsi AFFA-nın ideyası idi: “Biz daha çox Türkiyə variantına üstünlük verirdik. Çünki Türkiyə qardaş ölkədir, burda mental yaxınlıq da var. Həm də məşqçilər orda özlərini kifayət qədər rahat hiss edəcəkdilər. Eyni zamanda, viza məsələləri ilə bağlı ləngimə də olmayacaqdı. Həm də, hər iki ölkənin futbol federasiyaları sıx əməkdaşlıq edirlər. Ötən il qardaş ölkədə baş verən dəhşətli zəlzələ zamanı "Qarabağ", "Sabah" kimi klublarımız dəstək məqsədi ilə Türkiyə təmsilçiləri ilə xeyriyyə oyunları keçirdilər”.
Məmmədli bildirib ki, milli komandaların skautu, vaxtilə "Fənərbaxça"da çıxış etmiş İlqar Qurbanov İstanbul klubu ilə əlaqə saxlayıb və qarşı tərəf AFFA-nın təklifini müsbət qarşılayıb: “Məşqçilər "Fənərbaxça" Akademiyasının infrastrukturu, müasir texnologiyaları, iş metodikası və prinsipləri ilə yaxından tanış olmaq imkanı əldə etdilər. Bu cür səfərlər məşqçilərimizin karyerası baxımından olduqca faydalı olacaq. Onlar xaricdəki həmkarlarının iş prinsiplərini, onların futbola olan baxışlarını öyrənmək imkanı əldə edəcəklər. AFFA bu layihəni davam etdirmək niyyətindədir. Çalışacağıq ki, mövsümün yekunlarına əsasən, digər yaş qruplarından olan komandaların da məşqçilərini ölkə xaricinə təcrübəyə göndərək. Təbii ki, bu məşqçilər üçün də stimul rolunu oynayacaq”.