“Neftçi” ilə oyunun hazırlığı davam edir. Komanda olaraq ötən iki matçdakı uğursuzluğa son qoymaq istəyirik. Çempionatda yaranmış fasilədən maksimum dərəcədə faydalanmağa çalışırıq”. Matc.az xəbər verir ki, bu sözlər “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vanderson Meloya məxsusdu.
 
Braziliyalı futbolçu Premyer Liqanın XIV turunda “Neftçi” ilə keçiriləcək qarşılaşmaya kökləndiklərini deyib. O, klubun mətbuat xidmətinə açıqlamasında yaxşı hazırlıq keçdiklərini bildirib: “Futbolda qalib gəldiyin kimi, məğlub da olursan. Yaxşı oynayanda üstünlük səndə olur, pis oynayanda əksi baş verir. Razıyam, son iki oyunda imkanımızdan zəif çıxış etdik. Futboldu, bu da olur. Qələbəni heç kim bizdən çox istəyə bilməz. Səbirli olmaq, çox çalışmaq lazımdı. Komanda olaraq səhvlərimizi görürük. Təbii ki, addım-addım onları aradan qaldıracağıq”.
29 yaşlı dayaq yarımmüdafiəçisi “Neftçi”nin adından çəkinmədiklərini vurğulayıb: “Komandaları adlarına və ya titullarına görə bölmək istəmirəm. Başa düşürəm, “Neftçi” iddialı, köklü klubdu. Ancaq biz öz işimizi yaxşı görməyə çalışmalıyıq. Buna nail olsaq, məqsədimizə çatacağıq. Yəni kiminlə qarşılaşmağımız yox, oyuna necə hazırlaşmağımız, hazır olmağımız önəmlidi. Meydanda ən yaxşısını etməli, intizamlı və yaxşı konsantrasiya olmalıyıq”.
 
Vanderson zədəsi ilə bağlı məsələyə də aydınlıq gətirib. O, meydana çıxmaq üçün heç bir problemin qalmadığını, baş məşqçinin qərarını gözləyəcəyini bildirib.
 
Qeyd edək ki, noyabrın 26-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” matçı saat 15:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest