Bir neçə gün öncə AFFA İcraiyyə Komitəsi keçirdiyi iclasdan sonra Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə yolların ayrıldığını açıqlamışdı. Matc.az xəbər verir ki, hazırda həmin post boş qalıb və hansı mütəxəssisin millimizi çalışdıracağı bəlli deyil.
 
Məsələ ilə bağlı Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılovun fikirlərini öyrəndik. O, millinin "sükanı arxasına" yerli baş məşqçinin təyinat almasını istədiyini deyib: "Millini kimin çalışdıracağı ilə bağlı müzakirələr aparılacaq və yekun qərar veriləcək. Əlbəttə, istəyərik ki, yığmanı yerli məşqçi çalışdırsın. Çünki həmin şəxs mentalitetimizə bələd, futbolçuları yaxşı tanımış olacaq. Həm də oyunçuları psixoloji cəhətdən daha rahat hazırlamaq imkanı da olacaq. Lakin qərarı biz vermirik. Mənim üçün önəmli olan Azərbaycan millisinə xeyir verən baş məşqçinin seçilməsi və əlindən gələnin ən yaxşısını etməsidir".
 
İsmayılov, legioner çalışdırıcılardan xorvatiyalı Robert Prosineçkinin yığmamızda çalışdığı dövrü (2014-2017) xatırlayıb: "Qazandığı tarixi nəticələrə görə Azərbaycanda yerli məşqçi kimi Qurban Qurbanovun adını çəkirəm. Ən birinci real namizəd olaraq onu görürəm. Prosineçkinin dönəmində isə Azərbaycan millisi ən yaxşı oyununu oynayıb. Həqiqətən, o, geri qayıtsa, sevinərəm. Çünki mentalitetimizə öyrəşmişdi, futbolçuları psixoloji hazırlaya bilirdi, çox keyfiyyətli futbol oynadırdı. Yerli məşqçilər arasında mənim 1-ci seçimim Qurban Qurbanov, legionerlərin arasında isə Robert Prosineçkidir. Bizim başqa keyfiyyətli məşqçilərimiz də var. Aftandil Hacıyev, Ayxan Abbasov, Azər Məmmədov və s. Onlar da Azərbaycan millisinə kömək edə bilərlər".
 
Keçmiş futbolçu "Təkcə baş məşqçi dəyişikliyi problemləri həll etməyə təsir göstərəcək" sualını belə cavablandırıb: "Yalnız məşqçi dəyişikliyi ilə problemlər həll edilməyəcək. Azərbaycanda uşaq futbolunun inkişafına dəstək vermək lazımdır. Yaxşı futbolçular yetişdirmək və zamanla onları milli komandaya yönləndirmək vacibdir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest