Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, mərasim cavab oyunlarının ertəsi günü – fevralın 23-də baş tutacaq.
İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək. Həmin püşkatma mərasimində Azərbaycan çempionu “Qarabağ” da yer ala bilər. Bunun üçün ağdamlılar pley-off mərhələsində “Braqa”nı üstələməlidi.
Qurban Qurbanovun yetirmələri Portuqaliyadakı ilk görüşdə 4:2 hesablı qələbə qazanaraq, işin öhdəsindən böyük ölçüdə gəlib. “Qarabağ” “Braqa” səddini keçsə, üz-üzə gələcəyi mümkün rəqiblər də bilinir. Bunlar pley-offdan azad olan qrup birinciləri “Vest Hem”, “Brayton”, “Atalanta”, “Reyncers”, “Liverpul”, “Vilyarreal”, “Slaviya” və “Bayer”di. 1/8 finalın ilk matçı isə pley-offdan yüksələn komandanın meydanında olacaq. Yəni “Qarabağ” mərhələ adlasa, ilk görüşünü evdə keçirəcək.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab qarşılaşması fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.