Klub rəhbərliyi Osimhenin sərbəst qalma müavinəti olan 75 milyon avronu ödəməyə hazırlaşır. Nigeriyalı hücumçuya illik 12 milyon avro olmaqla 4 mövsümlük müqavilə təklif olunacaq.
Superliqada liderliyini davam etdirən "Qalatasaray" əzəli rəqibi "Fənərbaxça"nı da mübarizədən kənarlaşdıraraq Türkiyə Kubokunun yarımfinalına vəsiqə qazanıb.
Matc.az xəbər verir ki, həm liqa, həm də ölkə kubokunu qazanmaq arzusunda olan "Qalatasaray" rəhbərliyi mühüm transfer addımı atıb.
"Sarı-qırmızılılar" bu mövsüm "Napoli"dən icarəyə götürdüyü və möhtəşəm oyunu ilə azarkeşlərin könlünü fəth edən Viktor Osimhenin transferi üçün hərəkətə keçib. Klub rəhbərliyi Osimhenin sərbəst qalma müavinəti olan 75 milyon avronu ödəməyə hazırlaşır.
İstanbul klubunun idarəçiləri iqtisadi cəhətdən hazırlıq gördüklərini bildirərək, "Osimhenin razı olduğu təqdirdə, bu məbləği "Napoli"yə ödəyib onu heyətimizə qatacağıq" deyib.
Ödənişin dörd bərabər hissədə edilməsi planlaşdırılır. Nigeriyalı hücumçuya illik 12 milyon avro olmaqla 4 mövsümlük müqavilə təklif olunacaq.
Avropanın böyük klublarının maraq göstərməsinə baxmayaraq, Osimhen mövsümün sonuna qədər "Qalatasaray"da qalacağına dair verdiyi sözə əməl edib və son qərarını yaxın günlərdə açıqlayacaq.
Bir çox dünya nəhəngi Osimhenlə maraqlansa da, nigeriyalı ulduzun Fransa və İtaliyada oynamağa həvəsli olduğu bildirilir.
Qeyd edək ki, Osimhen bu mövsüm "Qalatasaray"da 33 matçda 28 qol vurub və 5 məhsuldar ötürmə edib.