Baş məşqçi Vitali Borisov millinin qapıçısı Rövşən Hüseynlinin heyətdən kənarlaşdırılmasının səbəbini açıqlayıb.

“Komanda dünəndən təlim-məşq toplanışına başlayıb. Günü iki məşqlə başa vurduq. Bu gün də eyni qrafiklə - 2 məşqlə davam edəcəyik. Sabah isə Bakıda son məşqimizi keçib gecəyarı səfərə yollanacağıq”. Matc.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.

Avropa çempionatının əsas mərhələsi çərçivəsində aprelin 11-də səfərdə İsveçlə qarşılaşacaq Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir. Hazırlıqla bağlı Futzal Federasiyasının saytına danışan V.Borisov heyətlə bağlı problemlərin olduğunu bildirib: “Ülvi Əliyev zədəli olduğuna görə ümumiyyətlə siyahıya adını daxil etmədik. Daha sonra “Baku Fire”in üzvləri  - qapıçı Kamran Hacıyev və hücumçu Nihad İsmayılov yüngül zədələrinin və ağrılarının olduğunu bildirdi. Biz də onlara müalicə üçün şərait yaratdıq. Rövşən Hüseynli isə intizam qaydalarını pozduğuna görə düşərgədən kənarlaşdırılıb. Əvəzində “Neftçi”İK-dan qapıçı Vladislav Reznov və “Şuşa”nın təcrübəli hücumçusu Rüstəm Bağırov komandanın düşərgəsindədir. Fiziki yükləmələr fonunda taktiki çalışmalara da yer veririk. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır. Seçmə mərhələ çərçivəsində son səfər oyunumuzdur. İstəyirik ilk qələbəmizi qazanaq. Uşaqlar istəklidilər”.

“Rəqibin son iki oyununu izləmişik. Bizim üçün zədələrlə paralel oyunun keçiriləcəyi məkanın örtüyünün terafleks olması da çətinlik yaradacaq. Biz adətən parketdə oynayırıq. Terafleksdə oynamaq fərqlidir – top parketdəki kimi sürətli hərəkət etmir. Üstəlik bu örtükdə demək olar, son 8 ildir oynamırlar. Qrupdan çıxmaq şansımız olmasa da, reytinq xallarımızı artırmaq üçün səfərdən mütləq 3 xalla dönmək istəyirik”, - deyə V.Borisov əlavə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest