“Aston Villa” elə qol vurdu ki, bunu qəbul etmək bir az çətin idi. Amma mütləq qələbə qazanmalı idik”
PSJ Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda evdə “Aston Villa”nın 3:1 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, qarşılaşmadan sonra komandaların baş məşqçiləri mətbuat konfransında fikirlərini bölüşüb.
İngiltərə klubunun çalışdırıcısı Unay Emeri buraxılan üçüncü qolun həlledici rol oynamasından ehtiyatlanır:
Unay Emeri (“Aston Villa”nın baş məşqçisi): “Bu, oyundan əvvəl gözlədiyim nəticəyə yaxın idi – 1:2 və ya 1:3. Gələn həftə öz meydanımızda oynayacağıq və bu, bizim üçün ciddi sınaq olacaq. Amma “Villa Park”da azarkeşlərin dəstəyi ilə özümüzü inamlı hiss edəcəyik. Müdafiədə intizamlı olmalı idik. Hesab 1:2 olanda rəqibin cərimə meydançasına üç dəfə yaxınlaşma fürsətimiz oldu. Fikirlərimiz dəyişmir - evdə qalib gəlməli və bunu ən azı bir qol fərqindən çox etməliyik”.
Luis Enrike (PSJ-nin baş məşqçisi): “Aston Villa” elə qol vurdu ki, bunu qəbul etmək bir az çətin idi. Amma mütləq qələbə qazanmalı idik. Son dəqiqə qolu komandamızın inamı üçün əla oldu. İndi cavab matçı barədə düşünməliyik. Şübhəsiz ki, asan olmayacaq. Özünə inanmaq vacibdi, vurduğumuz üç qol möhtəşəm idi. Nəticədən razıyıq. Qarşıda bizi “Villa Park”da çətin mübarizə gözləyir. Eyni üslubda oynamağa çalışacağıq - bu, bizim DNT-mizdə var”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü aprelin 15-də keçiriləcək.