"Liverpul" yayında gürcü qapıçı Giorgi Mamardaşvilini yenidən icarəyə göndərməyi planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "Estadio Deportivo" məlumat yayıb.
Bildirilir ki, ingilis nəhəngi yayda Alissonu satmasa, Mamardaşvili vaxtının çoxunu "Liverpul"da ehtiyat oyunçular skamyasında keçirmək istəmir. Eyni zamanda, 24 yaşlı futbolçu maaşının artırılması şərti ilə daha bir mövsüm "Valensiya"da qalmağa razıdır.
Xatırladaq ki, "mersisaydlılar" qolkiperi ötən yay "Valensiya"dan alıb və cari mövsümün sonuna qədər icarə əsasında İspaniya klubunda qoyub.
Bu mövsüm Mamardaşvili bütün turnirlərdə 26 matçda iştirak edib və 6 oyunda qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 30 milyon avrodur.