"Barselona"nın baş məşqçisi Hans-Diter Flik müqaviləsinin uzadılması ilə bağlı klubla danışıqların olmasına dair yayılan məlumatlara münasibət bildirib.

Matc.az xəbər verir ki, o, "Barselona"da olmaqdan xoşbəxt olduğunu qeyd edib:

"Cavabım uzun olacaq. Mən burada olanları həqiqətən qiymətləndirirəm və bundan həzz alıram. Mənim fantastik heyətim və çox peşəkar oyunçulardan ibarət inanılmaz komandam var. Mən soyunub-geyinmə otağında fantastik atmosfer görürəm. Dəfələrlə demişəm ki, biz bir ailə kimiyik. Bütün heyət heyrətamizdir və görülməsi lazım olan işi görür. Bundan əlavə, mən Barselonada yaxşı vaxt keçirirəm və həyat yoldaşımla burda yaşamaqdan xoşbəxtik. Bu, mənin üçün yeni təcrübədir.

Mənim çox enerjim var və düşünürəm ki, biz hələ çox şeyi inkişaf etdirə bilərik. Mən daha 3 il müddətinə yeni müqavilə imzalayaraq "hələ vaxtım var" deyə fikirləşən məşqçilərdən deyiləm. Gündən-günə işləməyə üstünlük verirəm.

Klubda vəziyyətin necə olduğunu bilirəm. Bu asan deyil, amma hamı xoşbəxtdir. Bir il sonra görək nə olacaq. Hamı xoşbəxtdirsə, onda nə olacağını görərik. Nə baş verə biləcəyini bilmək olmaz. Burada gördüyüm işi müsbət notla bitirmək istərdim".

Qeyd edək ki, Flikin mövcud müqaviləsi 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub. Mətbuatda isə yeni müqaviləsinin 2027-ci ilə kimi uzadılacağı xəbərləri yer alıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest