"Klubların akademiyalarının, eləcə də bölgələrdə uşaq futbolunun inkişafı üçün AFFA lazım olan hər cür zəruri dəstəyi göstərir".
Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəfin mətbuat konfransı keçirilib. Matc.az xəbər verir ki, o, Azərbaycanda uşaq futbolunun inkişafı istiqamətində önəmli addımların atılmasının vacibliyini vurğulayıb:
"Uşaq futbolu, o cümlədən regionlarda futbolun inkişafı, akademiyaların yaradılması, strategiyada əks olunmuş problemlərdir. İnfrastruktur və akademiyaların inkişafı üçün maliyyə dayanıqlığı lazımdır. Özəl investisiyaların futbola cəlb olunması istiqamətində işlərin aparılması çox vacibdir. Klubların akademiyalarının, eləcə də bölgələrdə uşaq futbolunun inkişafı üçün AFFA lazım olan hər cür zəruri dəstəyi göstərir. Həmçinin Təhsil Nazirliyi ilə birlikdə məktəblər arasında turnirlərin, regionlarda yarışların təşkili planlaşdırılır. Klubların skautları da həmin turnirləri izləyərək onların diqqətini çəkən gənc istedadları akademiyalarına cəlb edə bilərlər".
R.Nəcəf əlavə edib ki, futbolun inkişafı üçün böyük işlər görülməlidir: “Ekosistemin bütün səviyyələrində ümumi inkişafa töhfə verəcək peşəkar kadrların yetişdirilməsi üzərində işləməliyik. Strategiyanın söykəndiyi əsas strukturlardan biri güclü kadrların yetişdirilməsidir".
AFFA prezidenti Premyer Liqaya yüksələcək I Liqa komandalarının ev oyunlarını öz meydanlarında keçirmələrinin mühüm olduğunu diqqətə çatdırıb: “Premyer Liqaya yüksələcək klublara bir il möhlət veriləcək. Eyni zamanda Premyer Liqada iştirak edən klublarla görüşlər keçiririk ki, infrastruktur müasir tələblərə cavab versin. Həmin müddət ərzində AFFA-nın verdiyi dəstək və özəl investorlar cəlb etməklə buna nail olmaq mümkündür. Bizim istəyimiz odur ki, region klubları ev oyunlarını öz şəhərlərində keçirsinlər. Bu, həmin yerlərdə uşaq futbolunun inkişafına da təkan verəcək. Bu baxımdan “Turan Tovuz”un iş prinsipini nümunə göstərmək olar. Azərbaycan futbolunun inkişafına töhfə vermək istəyən özəl investorlar var. Bizim istəyimiz onlar üçün müvafiq şərait yaratmaqdır".
Rövşən Nəcəf vurğulayıb ki, AFFA-nın İnkişafı Strategiyası hazırlanarkən ən yüksək hədəflər prioritet götürülüb: "Strategiyanın hazırlanması prosesində variantlar arasında daha az ambisiyalı hədəflər də var idi. Lakin düşündük ki, icrası çətin olsa da, qarşıya daha böyük hədəf qoyaq ki, arzuladığımız yerlərə çataq. Azərbaycan futbolunun yüksək nailiyyətlər əldə etməsini, uğurlarla zəngin tarixə malik olmasını istəyirik. Sadə yol seçsəydik, buna nail ola bilməyəcəkdik".
AFFA rəhbəri Azərbaycan milli komandasının son nəticələri və qarşıya qoyulan hədəflərlə bağlı sualı da cavablandırıb: "Millimizin son oyununda orta yaş həddi 24-dən aşağı idi. Əvvəlki dövrlərdə bu, 27-28 yaş olub. Rəqabətli gənc kollektiv formalaşdırmaq çətin prosesdir. Ancaq uğur üçün bunu etməliyik. Millimizin baş məşqçisi Fernandu Santuşla müzakirəmiz oldu. Uğurlu nəticələrin əldə edilməsi ilə bağlı fikir mübadiləsi apardıq. Ümid edirik ki, qarşıdakı yoldaşlıq görüşlərində nəticələr müsbət olacaq. Bununla yanaşı, təkcə meydandakı nəticələrə yox, baş məşqçinin gətirdiyi yanaşmaya, ab-havaya da diqqət yetirməliyik. Məsələn, Fernandu Santuş gəlişindən sonra milliyə dəvət edilən futbolçuları mətbuat konfransında elan etməyə başladı. Bu da onu göstərir ki, milliyə düşmək, burada oynamaq şərəfdir. Baş məşqçinin heyəti elan etməsi də bu baxımdan önəmlidir".
R.Nəcəf hakimliklə bağlı hədəflərdən də söz açıb: “Hakimlər Komitəsi ən müasir standartlara uyğun olaraq işləri qurur. Hər həftə hakimlərlə görüşürlər, oyunların təhlilini aparırlar, onlar üçün təlim-məşq toplanışları təşkil edirlər. Hazırda iki hakimimiz I kateqoriyaya malikdir. Biz bu sayın artırılmasını istəyirik. Əsas problemlərdən biri bütün dünyada hakimliyə maraq göstərənlərin sayının azalmasıdır. Bunların həlli ətraflı yanaşma tələb edir. Əlbəttə ki, oyunlarda hakim səhvinin qeydə alınmamasını istəyirik. Təəssüf ki, dünya futbolunda hakim səhvlərini tamamilə aradan qaldırmaq mümkün deyil. Hakimlər Komitəsinin sədri Frank De Blekerlə birlikdə belə səhvlərin minimuma enməsi istiqamətində işlər görülür".
AFFA prezidenti "Barselona" Futbol Akademiyasının Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı işlərin hansı mərhələdə olduğu barədə də məlumat verib: "Barselona" klubunun prezidenti bununla bağlı ölkəmizə iki dəfə səfər edib. İlk səfərdə mümkün əməkdaşlıq məsələsi müzakirə olundu. İkinci səfərdə konkret təkliflər səsləndi və layihəyə start vermək qərara alındı. Hazırda layihənin icrasının başlanması üçün klub tərəfindən son detallar dəqiqləşdirilir. Əsas hədəf "Barselona" klubunun uşaq akademiyasının böyük ənənələrinin, oradakı məşqçi heyətinin illər ərzində topladıqları zəngin təcrübənin Azərbaycana gətirilməsidir".