"Gələn il üçün planlarımız var. Bütün klublar avrokuboklar üçün oynamamalıdır. Qarşımıza büdcəmizə uyğun hədəf qoyacağıq".
"Şamaxı" Misli Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyun oldu. Belə stadionda oynamaq xoşdur. Əsl futbol ab-havası var idi. Önəmli qələbə idi. Oyun olaraq da sevinirəm. İkinci hissədə üstün oynadıq. Rəqib əks-hücumda qol vurdu. Sevinirəm ki, komandam oyundan qopmadı. Son dəqiqələrdə rəqibin təzyiqi normal idi. Biz də dəyişikliklər edib onların qabağını aldıq. Vacib 3 xaldır. Qarşımıza qoyulan məqsədə çatmaq üçün addım-addım çalışırıq. Bura gələndə inanmışdım. Bir çox futbolçular qazandırdıq. Bu gün gənc futbolçularımız meydanda daha inamlı çıxış edirlər. Qarşıdakı oyunlar bizim üçün vacib olacaq. Çünki turnir cədvəlində irəliləyə bilərik.
- Fasilədə nəyi dəyişdiz?
- Futbolçularımdan tələb etdim ki, tempi yüksək tutsunlar. "Sumqayıt" tempin qalxmasını istəmirdi. İkinci zonada bizi gözləyib əks-hücuma çıxmaq istəyirdilər. Futbolçularım tempi yüksək tutdular. Cinahdan da gedişlərimiz alındı.
- Sonuncu pillədən uzaqsız. Artıq rəqiblərinizin "Neftçi" və "Sabah" olduğunu demək olar?
- Hər şey ola bilər. Məni ən çox maraqlandıran futbolçuların mövsümün sonuna kimi bu tempi saxlamasıdır.
- Növbəti mövsümdə klublara dövlətin ayırdığı vəsaitin məbləği azalacaq. Bu, sizə necə təsir edəcək?
- Tək komandayıq ki, sponsorumuz yoxdur. Qeyri-rəsmi olsa da, digərlərinin sponsoru var. I Liqadan gələcəyi gözlənilən "Qəbələ" və "İmişli"nin də sponsoru var. Əlbəttə zərbə bizə dəyəcək. Biz də bunu sığortalamalıyıq. Gələn il üçün planlarımız var. Bütün klublar avrokuboklar üçün oynamamalıdır. Qarşımıza büdcəmizə uyğun hədəf qoyacağıq. Böyük məqsəd üçün böyük büdcə lazımdır. Həm komandanı Premyer Liqada saxlamaq, həm gənclərə şans vermək... Belə komandalar olsa, yeni futbolçular çıxacaq. Gənclər oynamalıdır. Komanda sayı çox olsa, gənclər oynasa, rəqabət olacaq. Hər kəs qarşısına məqsəd qoymalıdır. Bizim də məqsədimiz var. Gələn il də bunu davam etdirəcəyik.