"Bavariya"nın və Almaniya millisinin sabiq qapıçısı Oliver Kan maliyyə problemlərinə görə 2024-cü ilin yayında Fransa çempionatının dördüncü divizionuna düşmüş "Bordo" klubunu almaq üçün rəsmi təklif edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Bild" paylaşıb.
Bildirilir ki, Kan klubun alışına görə 30 milyon avro məbləğində təzminat ödəyəcək. Qeyd olunur ki, lazımi məbləğin olmasına baxmayaraq, sövdələşmə hələ də tamamlanmayıb. Kan yaxın illərdə Fransa klubunu Liqa 1-ə qaytarmaq niyyətində olduğunu da bildirib.
Eyniadlı şəhərdən olan "Bordo" bundan əvvəl altıqat Fransa çempionu, dördqat ölkə kubokunun və üçqat ölkə Superkubokunun qalibi olub.
Xatırladaq ki, Oliver Kan 14 il formasını geyindiyi "Bavariya"da 632 matçda iştirak edib, 592 qol buraxıb və 247 dəfə qapısını toxunulmaz saxlayıb. Kan 2021-2023-cü illərdə "Bavariya"nın idarə heyətinin sədri vəzifəsində çalışıb. Onun rəhbərliyi altında "Bavariya" iki dəfə Bundesliqanın qalibi olub, iki dəfə Çempionlar Liqasının 1/4 finalına qədər yüksələ bilib və həmçinin Almaniya Superkubokunu qazanıb.