“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos ölkəsi Braziliya mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi cari mövsümdəki performansını dəyərləndirib.
Ölkəmizdə daha əvvəl “Şamaxı” və “Qəbələ”də oynamış Santos hazırkı mövsümü fərqləndirib: “Azərbaycan karyeramın ən möhtəşəm mövsümünü keçirirəm. Burada olduğum dönəmləri müqayisə etsək, hazırkı mövsümü ən uğurlu sayıram. Düzdür, 2022-23 mövsümündə “Qəbələ” ilə ölkə kubokunu qazanmışam. Amma hazırkı dönəmim, həqiqətən, əladır. Düşünürəm ki, cari mövsüm oyunlara daha çox fokuslanmışam, daim qol və assist saylarını artırmağa çalışıram. Hər şey istədiyim kimi gedir”.
Santos yenidən Azərbaycan Kubokunu qazanmağı hədəfləyir. O, yarımfinalın ilk matçında 1:0 hesabı ilə məğlub etdikləri “Qarabağ”ı üstələyəcəklərinə inanır: “Bu, “Araz-Naxçıvan”ın Premyer Liqada üçüncü mövsümüdür. Belə qısa müddətdə bu səviyyəyə çatmaq azarkeşlər üçün möhtəşəmdir. Komanda çox gözəl uyğunlaşıb, məşqçilər korpusu və futbolçular hər matçda əllərindən gələni edirlər. İnanıram ki, kubokun finalına yenidən yüksələcəyik və Avropa Liqasına vəsiqə qazanacağıq. Hazırda əsas hədəfimiz budur”.
Cari mövsüm Premyer Liqada aktivinə 9 qol yazdıran “sambaçı” yayda ayrılma ehtimalını təkzib etməyib: “Ümid edirəm ki, növbəti mövsüm daha gözəl olacaq. Burada qalıb-qalmayacağımı bilmirəm. Amma son günümə qədər əlimdən gələni edəcəyəm. Mənim və ailəmin gələcəyi üçün ən yaxşısını axtarıram. Hər kəs mənim bacarığımı bilir. Ona görə də yay “transfer pəncərəsi”ndə mənim üçün yaxşı şeylərin baş verməsini gözləyirəm”.
Qeyd edək ki, “Araz-Naxçıvan” Premyer Liqada 30 turdan sonra 52 xalla üçüncü pillədə qərarlaşır.