AFFA-nın təşkilatçılığı ilə 19-20 aprel tarixlərində Qaxda 14 yaşadək qız şagirdlər arasında “Qızlar Futzal Kuboku” layihəsi keçiriləcək.
Matc.az xəbər verir ki, Qax Olimpiya İdman Kompleksində təşkil olunacaq turnirin ilk günü 8 məktəbin iştirakı ilə qrup oyunları, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları oynanılacaq. İştirakçı komandalar idman geyimi, top və gödəkçələrlə təmin olunacaqlar. Tədbirin son günü qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.
Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Qızlar Futzal Kuboku” yarışının ümumilikdə 4 regionda keçirilməsi planlaşdırılır. Layihənin baş tutmasında əsas məqsəd orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-15 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.