"Çünki qapımıza təyin olunan penalti çox suallar doğurdu. Premyer Liqada bu penalti sayılmazdı".
"Arsenal" UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin ilk matçında səfərdə "Atletiko" ilə 1:1 hesablı heç-heçə edib.
Matc.az xəbər verir ki, oyundan sonra "topçular"ın baş məşqçisi Mikel Arteta komandasının çıxışını şərh edib:
"Bu stadionda, azarkeşlərin yaratdığı enerji və atmosfer qarşısında Çempionlar Liqasının yarımfinalını oynamaq böyük imtiyazdır. Oyun ərzində yaxşı anlarımız oldu, planlaşdırdığımız məqamlara çox yaxın idik və nəticədə birinci hissənin sonunda penalti qazandıq. Təəssüf ki, ikinci hissəyə bir qədər səliqəsiz başladıq, müəyyən səhvlərə yol verdik. Onlar da məhz həmin anda bundan yararlandılar.
Bilirdik ki, bu vəziyyətdən keçməliyik. Çünki qapımıza təyin olunan penalti çox suallar doğurdu. Premyer Liqada bu penalti sayılmazdı. Məni daha çox narahat edən isə Ezenin epizodunda penalti verilməməsidir. Bu, oyunun gedişinə təsir edən açıq hakim səhvidir. Belə səviyyədə bu cür hallar baş verməməlidir. Məni həm qərarın özü, həm də onun bu qədər uzun müddətdə verilməsi əsəbiləşdirdi. Hakim epizodu dəfələrlə izləməli oldu. Hamımız bundan narazıyıq. Mövsümün əvvəlində bizə deyilənləri xatırlasaq, Ezenin epizodu açıq-aşkar penalti idi. Bu qədər. VAR protokollarını dəyişmək lazımdırmı? Bilmirəm, bu mənim işim deyil. Onların öz prosesi var Nə edirlərsə, düzgün etdiklərinə inanmalıdırlar. Daha deyəcək sözüm yoxdur.
Komandanın oyununa görə çox qürur duyuram. Bunu futbolçulara da dedim. 9 ay ərzində istənilən şəraitə uyğunlaşa bildik. Bu, əla haldır. Dünyanın ən güclü komandalarının belə mövsümün bu mərhələsində dağılmağa başladığını görmüşəm. Madriddə istədiyimiz nəticəni əldə etmədik. Oyuna qələbə üçün çıxmışdıq. Amma cütün taleyi hələ də öz əlimizdədir. Azarkeşlərimiz qarşısında finala yüksəlmək yaxşı olardı. Bir həftə sonra belə bir imkanımız olacaq".
Qeyd edək ki, "Arsenal"la "Atletiko" arasındakı cavab görüşü mayın 5-də Londonda baş tutacaq.












