"Barselona" klubu İspaniya La Liqasında tarixinin ən yaxşı mövsüm startını təkrarlayıb.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Bildirilir ki, Hans-Diter Flikin komandası İspaniya çempionatının startındakı ilk səkkiz matçın hamısında qələbə qazanıb. Kataloniyalılar buna bənzər yeganə uğuru 2013/14 mövsümündə argentinalı məşqçi Xerardo Martinonun rəhbərliyi altında əldə ediblər.
O vaxt kataloniyalıların qələbə seriyası 9-cu turda qırılıb, komanda səfərdə Osasuna ilə qolsuz bərabərliyə razılaşıb. Buna baxmayaraq, "Barselona" həmin mövsüm məğlubiyyətsizlik seriyasını 15-ci tura qədər qoruyub və yalnız həmin turda Bilbao "Atletik"inə minimal hesabla uduzub (0:1).
Xatırladaq ki, Martino 2013/14 mövsümünün başa çatmasından sonra işindən azad edilmişdi. Onun rəhbərliyi altında komanda İspaniya Superkubundakı zəfərdən başqa heç bir titul qazana bilməmişdi.
Beləliklə, Hans-Diter Flikin yetirmələri oktyabrın 17-də La Liqanın 9-cu turunda "Betis"i məğlub edəcəkləri təqdirdə Kataloniya klubunun tarixində yeni rekorda imza ata bilərlər.













