16 İyul 2019, 19:54
ÇEMPİONLAR LİQASI
"İlk oyundakı nəticədən sonra bura ümidli gəlmişik. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik". Matc.az saytının məlumatına görə, bu sözlər "Partizani"nin baş məşqçisi Franko Lerdaya məxsusdu.
Albaniya çempionu çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah "Qarbağ"ın qonağı olacaq.
Qarşılaşmadan əvvəl təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Albaniya mətbuatında yazılana görə, "Partizani" penaltilər seriyasına hazırlaşır. Maraqlıdı, ümidinizi yalnız buna bağlamısınız?
- Bu, oyunun gedişatından asılıdı. Təbii ki, sabah oyun qolsuz bərabərə nəticələnsə, penaltilər seriyasına ehtiyac olacaq. Biz buna da hazırlaşmışıq.
- 90 və ya 120 dəqiqə ərzində "Qarabağ"ı keçmək şansınızı real görürsünüz?
- Bura turist kimi gəlməmişik. Var gücümüzlə çıxış edəcəyik. İlk oyun geridə qalıb. Cavab matçında uğurlu nəticə qazanmağa çalışacağıq.
- Futbolçularınız inamlı çıxış edib. Bu, rəqib üzərində psixoloji təsir cəhdidi, yoxsa, həqiqətən də, növbəti mərhələyə ümidiniz böyükdü?
- Qələbə qazanacağımıza 100 faiz əmin deyilik. "Qarabağ"ın büdcəsi bizdən qat-qat çoxdu. Amma futbolda hər şey ola bilər.
- İlk oyundan sonra "Qarabağ" gözlədiyiniz gücdə çıxdı?
- "Qarabağ" haqda bildiklərim ilk oyundan sonra özünü təsdiqlədi. Fərdi bacarığı yüksək olan oyunçuları var. Onları "Roma"ya qarşı matçda da izləmişdim. Gözlədiyim kimi, güclü komanda ilə qarşılaşdıq.