Azərbaycan Premyer Liqasının III turunda keçirilən “Neftçi” – “Sumqayıt” oyununda (2:1) meydandan qovulan meydan sahiblərinin müdafiəçisi Anton Krivotsyuk rəqibi təhqir etməkdə günahlandırılır. Matc.az saytı xəbər verir ki, qonaq komandanın məşqçi və futbolçu heyəti milliləşdirilən ukraynalının xoşagəlməz ifadələr işlətdiyini bildirib.

Müdafiəçi özü də çılğın davrandığını etiraf edib. Amma o, söyüşü işlətmədiyini söyləyib: “Qoldan sonra topu götürüb, “Sumqayıt”ın ehtiyat oyunçular skamyasından başlayaraq üzü o tərəfə qaçdım. Qolu qeyd edirdim. Həmin anı videoya çəkiblər. Rəqibin ehtiyat oyunçular skamyası tərəfdən qaçanda əlimi qulağımın arxasına tutmuşdum. Yəni həmin an heç bir qeyri-etik hərəkət göstərməmişəm, qeyri-etik söz deməmişəm. Sonra geriyə, meydanın bizə aid hissəsinə qayıtdım. Bundan sonra rəqibin bir çox futbolçusu mənə tərəf yaxınlaşmağa başladı. Mənim jestimin çox dəqiq göründüyü videokadr var. Amma nə əvvəl, nə də sonra heç bir söz deməmişəm. Kim istəsə, videoda baxıb görəcək ki, ağzımdan bir kəlmə də çıxmır, o ki qaldı söyüş olsun. Əgər nəsə desəydim, bunu etiraf etməyə kişiliyim, hünərim çatardı. Biz hamımız insanıq, emosiyalarımız var. Necə deyərlər, səhvimi boynuma alıb, uyğun cəzamı çəkərdim”.

Qeyd edək ki, Krivotsyuk təhrikedici hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Onu vuran rəqibin kapitanı Vurğun Hüseynov isə birbaşa “qırmızı”yla cəzalandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest