AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisini qəbul edəcək Uels yığması buna ölüm-qalım oyunu kimi baxır. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Britaniya təmsilçisi doğma azarkeşləri önündə bərabərliyi uğursuz nəticə sayacaq.

Həmkarlarımız final mərhələsi şansını davam etdirmək üçün qələbədən başqa yollarının olmadığını vurğulayıblar. Məhz bu səbəbdən baş məşqçi Rayan Giqqz sabah hücumameyilli heyəti meydana buraxacaq.

Yerli KİV hücumçuların üzərinə böyük yük düşəcəyini yazıb: "Giqqz heyətdə bəzi dəyişikliklərə əl atdı. Qələbə lazım olduğu bir vaxtda Devid Bruksun olmamasını xüsusi vurğulamaq lazımdı. Buna baxmayaraq, baş məşqçi taktiki düzülüşü də dəyişəcək. Komanda nə 4-2-3-1, nə də 4-4-1-1 taktiki sxemindən yararlanacaq. Giqqz bu görüşdə 4-3-3 sisteminə üstünlük verəcək və komanda xoşbəxtliyi hücumda axtaracaq. Azərbaycanın qrupda hələ də xal qazanmaması və 3 matçda 10 top buraxması "Mançester Yunayted" əfsanəsinin yalnız hücum barədə düşünməsinə şərait yaradır. Final mərhələsi şansını davam etdirmək üçün qalibiyyətdən başqa çarə yoxdu. Bunu məşqçilər korpusu da, futbolçular da yaxşı bilir. Heç-heçə belə, çıxılmaz vəziyyət yarada bilər".

Qeyd edək ki, sabah Kardiff şəhər stadionunda keçiriləcək Uels - Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest