"14 ilə yaxındı yığmadayam. Bu müddətdə yalnız 2 və ya 3 ad günümü burda qeyd etməmişəm". Matc.az saytı xəbər verir ki, bunu Xorvatiya millisinin kapitanı Luka Modriç deyib.

Xorvatiya tarixinin ən yaxşı futbolçularından hesab edilən Modriçin bu gün 34 yaşı tamam olur. Madrid "Real"ının yarımmüdafiəçisi doğum günündə Bakını məyus şəkildə tərk etmək niyyətində deyil.

Modriç AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı bu gün keçiriləcək qarşılaşmada komanda yoldaşlarından qələbə hədiyyəsi gözləyir: "Ad günüm oldu-olmadı, məqsədimiz buranı 3 xalla tərk etməkdi. Bunun üçün hamımız əlimizdən gələni edəcəyik. Təbii ki, qalib gəlsək, bu, mənim üçün ən böyük hədiyyə olacaq".

Xorvatiyanın bir çox əfsanəvi futbolçusu milli karyerasını məhz 34 yaşında başa vurub. Onlar arasında Davor Şuker, Dario Srna, İqor Ştimaç və Zvonimir Soldo da olub. Zvonimir Boban isə hətta 31 yaşında yığmadan gedib. Ancaq Modriç hələ də özündə güc tapdığını deyib: "Yığmada oynamaqdan xoşum gəlir və bunu bacardığım qədər davam etdirəcəm. Dünya çempionatından sonra çoxları deyirdi ki, millidən getməyim üçün ən ideal vaxtdı. Amma mən bu cür hiss etmədim".

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest