Azərbaycan millisində baş məşqçi Nikola Yurçeviçin köməkçisi vəzifəsində çalışan Mario Tokiç spox.com saytına geniş müsahibə verib. Matc.az xəbər verir ki, 44 yaşlı mütəxəssis Azərbaycan futbolu, ölkədəki yaşayış tərzi və milli komanda barədə müsbət fikirlər səsləndirib.

- Hazırda Azərbaycan millisində çalışırsınız. Xəzər dənizi ətrafında yaşayış necədi?

- İlk günlər təəccübləndim və həyəcanlandım. Bu vəzifəyə təyin edilməzdən əvvəl heç vaxt Azərbaycanda olmamışdım. Ölkə barədə çox az məlumatım var idi. Dost futbolçu və ya məşqçilər burda nə qədər şanslı olduqlarını deyirdilər ki, bunu indi özüm də görə bilirəm. Böyük potensiala və gözəl insanlara malik ölkədi. Neft və qaz ölkəyə pul qazandırır. Xüsusən də, Bakıda bundan yaxşı istifadə olunur. Burdakı həyat tərzini inanılmaz dərəcədə xoşlayıram: iqlim, yeməklər, insanlar... Yaz aylarında Xorvatiyada olurdum, həmçinin Vyanaya da gedirəm. Amma Bakı, xüsusən də, beynəlxalq oyunların keçirildiyi payızda həyatımın mərkəzidi.

- Necə oldu ki, Azərbaycana getdiniz?

- Baş məşqçi Nikola Yurçeviç Xorvatiya televiziyasındakı təhlil yoldaşım idi. Təklifi alanda məndən onu müşayiət edib-etməyəcəyimi soruşdu. Buna dərhal həvəslə yanaşdım. Nikola əla insandı və təcrübəsindən faydalana biləcəyim güclü məşqçidi. Bu, milli komandada ilk işimdi.

- Klubdan fərqli millidə gündəlik iş rejimi olmur...

- Qərarımdan məmnunam. Zaman bizim ən böyük problemimizdi. Yeni komanda qurmaq istəyirik. Matçdan 4-5 gün əvvəl çempionatda keçirilən oyunlardan sonra plan üzərində çalışmaq mümkün olur. Yanvarda futbolçularla 3-4 həftəlik təlim-məşq toplanışımız olacaq.

- Komandanızda son durum necədi?

- Beş komandadan ibarət olan güclü qrupda yer almışıq. Bu üzdən 6-cı səbətdən gələn asan rəqib yoxdu. Çətin olacağını bilirdik. İndiyə qədər 6-7 gənc futbolçunu yığmaya cəlb etmişik. Yaxın on il ərzində Azərbaycan futbolu üçün yaxşı baza formalaşdırdığımızı demək olar.

- Azərbaycanda futbol nə qədər vacibdi?

- Ölkədə futbola çox sərmayə qoyulur. Bir nömrəli idman növü cüdudo, həmçinin gimnastika da populyardı. Bir neçə dünya səviyyəli idmançı var. Futbol bundan sonra gəlir. Ölkənin əmsalı aşağıdı. Bu da mənə Avstriyanın əvvəlki dövrlərini xatırladır. Oyunumuzu ortamüddətli dövrdə addım-addım inkişaf etdirməliyik. Rəhbər vəzifələrdə olan insanlar yüksək hədəflərə sahibdi və idman üçün çox şey edirlər. Belə insanlarla işləmək çox əyləncəlidi. İnkişaf üçün zamana ehtiyac duyduğumuzu bilirlər. Müasir futbola hazır olmaq üçün istedadlarımızı açmalıyıq. Yaxşı futbolçularımız çoxdu, yüksək səviyyəyə çatmaq üçün çalışırıq.

- Azərbaycan futboluna Avropada bəzən tənqidlə baxılır. Sosial-siyasi problemlərdən və avtoritar rejimdən yayınmaq üçün futbol sizə kömək edirmi?

- Çox adam Azərbaycanı heç tanımır. Bir çox yanlış məlumat yayılıb. Bura gələn hər kəs həyəcanlanır. Bakı Avropanın ən yaxşı şəhərlərinin həyat keyfiyyəti ilə ayaqlaşa bilən müasir şəhərdi. Təlim uşaqlar və gənclər üçün pulsuzdu. Bütün insanlar sosial təminatla əhatə olunur və tibbi müalicə ilə bağlı narahatlığa əsas yoxdu. Təhlükəsizlik maksimum səviyyədədi. Buna görə də əhali prezidentdən çox razıdı. Bu, hər gün küçədə söylənilə bilər.

- Futbolun rolu bunda nə qədərdi?

- Futbol infrastrukturu əladı. Avropa Liqasının final matçının təşkilindən hər kəs razı qaldı. Yalnız evdə qalan insanlar tənqidlərini bildirdilər. UEFA-nın siyasəti yeni bazarların açılması yönündədi. Azərbaycan belə böyük oyunlara layiqdi. Avropanın daxilində bütün sərhədlər açıqdı, niyə idmanda eyni olmamalıdı?

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest