Ukraynanın “Vorskla” klubunun futbolçusu Vyaçeslav Şarpar vətənində müsahibə verib. Matç.az saytı xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin IV turunun “Qarabağ”la ev oyunundakı 0:1 hesablı məğlubiyyət barədə danışıb.

- Matç barədə nə deyə bilərsiz?

- Biz məğlub olduq. “Qarabağ” bu oyunda qələbəyə layiq idi.

- Məğlubiyyətin səbəbi nə oldu?

- Erkən qol buraxdıq. Bu da bizi sındırdı. Çox kobud səhv etdik. Yalnız ikinci hissədə az-çox oynamağa başladıq.

- Ot örtüyünə uyğunlaşmaq çətin idi?

- Bəli. İlk yarını çox pis keçirdik. Fasilədən sonra bir az yaxşı çıxış etdik. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Bir neçə dəfə qol vura bilərdik. Amma onlardan yararlana bilmədik.

- Hamı gözləyirdi ki, siz yox, “Qarabağ” meydana uyğunlaşmaqda çətinlik çəkəcək...

- Bu gün meydan daha sürüşkən idi. Sanki qış idi. Topun yerdən sıçrayışı adi qaydada deyildi. Buna gec uyğunlaşdıq. Əvvəlki oyunlarda hər şey qaydasında olurdu.

- Bu oyundan sonra 1/16 final şanslarınızı necə qiymətləndirirsiz?

- Sonadək mübarizə aparacağıq. Onda da nə olacağı bilinəcək. İndi biz meydana çıxıb oynamalı, qarşıdakı hər görüşdə xallar qazanmağa ümid etməliyik.

- Oyundan sonra baş məşqçi Vasili Saçko ciddi irad bildirdi?

- Yox. Dedi ki, sonra analiz edəcəyik. İsti-isti heç nəyi müzakirə etmədik.

- Ümumiyyətlə soyunub-geyinmə otağında ab-hava necəydi?

- Hamı məyus idi. Axı müsbət nəticə qazanmaq istəyirdik.

- Oyunun dayanması, komandaların meydandan çıxmasına səbəb olan azarkeşlər barədə nə deyə bilərsiz?

- Bunlar bizim oyuna pis təsir etdi. Tempi artırmışdıq ki, 3-4 dəqiqə sonra fasilə yarandı. Az vaxt keçdi və yenə eyni, amma daha uzun fasilə. Bizim üçün heç yaxşı olmadı.

- Azarkeşlər sizə qarşı oynadı?

- Bizim üçün fasilələrin yaranması pis oldu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest