“Biz birinci yer uğrunda mübarizə aparacağıq. Məqsəd birinci yeri tutmaq və ölkə kubokunu qazanmaqdı. "Neftçi"nin qarşısına hansısa məqsəd qoymaq anormallıq olar" - bunu “Neftçi”nin prezidenti Kamran Quliyev Avropa Liqasının III təsnifat mərhələsində “Bney Yehuda”ya biabırçı məğlubiyyətdən sonra demişdi.

"Neftçi" qış fasiləsinə lider "Qarabağ"dan 6 xal geridə yollanıb. Bu səbəbdən mayda çempionatı zirvədə bitirəcəyinə heç özü də inanmır. Ölkə kubokuna gəlincə, paytaxt təmsilçisi mübarizədən kənarda qalıb. Flaqman ötən mövsüm olduğu kimi, yenə maliyyə sarıdan özündən qat-qat zəif "Sumqayıt" qarşısında diz çökdü.

Kamran müəllim söz vermək üzrə ölkə çempiondu. Adam "Neftçi"yə gələndən ən yüksək nəticələrdən dəm vursa da, nə nəticə var, nə oyun. Nəticənin olması isə öncə normal transferlərdən asılıdı.  O transferlərdən ki, ötən mövsüm "Neftçi"də baxışda olub bəyənilməyən Jesse Sekidika dünən "Qalatasaray"la müqavilə bağladı. Nigeriyalı futbolçunun İstanbul nəhəngi ilə anlaşması isə "Neftçi" azarkeşlərinin haqlı narazılığına səbəb oldu. İtaliyalı baş məşqçi Roberto Bordinin "Neftçi"yə gəldiyi gündən "mən transferlərə qarışmıram" deməsi, kiməsə sirr deyil. Transferlərə birbaşa klub prezidenti Kamran Quliyev nəzarət edir ki, onun xeyir-duası ilə gətirilən futbolçular göz "qamaşdırır": paratskilər, braliçlər, sansonelər, rakular...

Sekidikanın "Qalatasaray"a transferi sübut etdi ki, Quliyevin futbol anlayışı sıfırın altındadı. Şəxsi maraqları, kreslosunu qorumaq naminə hər dəfə şirin vədlərlə "ömrünü" uzatmaqla məşğuldu. Amma görünən dağa nə bələdçi? Artıq azarkeşlər ona inanmır, hətta sosial şəbəkələrdə Kamran bəyin ünvanına sərt tənqid, təhqir yazmaqdan belə çəkinmirlər və mövsüm başlayandan istefasını tələb edirlər.

"Neftçi" rəhbərliyinin transfer siyasətinin iflasa uğradığı təzə xəbər deyil. Hələ ötən mövsümün yanvarında komandanın ən yaxşılarından olan Dario Frederikonu Cənubi Koreya klubuna satmaq, sonradan geri qaytarmaq rəhbərliyin səhvini etiraf etməsi idi. Arxasında SOCAR kimi nəhəng şirkətin dayandığı klubun bu düşüncə ilə idarə olunduğunu görmək olduqca acınacaqlıdı.

Fakt odu ki, "Neftçi" artıq çempionluq barədə danışa bilmir. Üstəlik, kubok da əldən çıxıb. Bundan sonrakı dövr indiki rəhbərlik üçün daha çətin olacaq. Çünki artıq hər kəs hazırkı rəhbərliyin "Neftçi" adına yaraşacaq səviyyədə çalışmadığının fərqinə varıb. 

Kamran bəy düz deyir, "Neftçi"nin qarşısına hansısa məqsəd qoymaq anormallıq olar. Amma məqsədə çatmayan rəhbərin vəzifəsindən ikiəlli yapışması da normal deyil...

Həsən QULUZADƏ

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest