Azərbaycan milli komandası UEFA Millətlər Liqasının birinci turu çərçivəsində səfərdə Litva yığmasının qonağı olacaq.
Matc.az xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov oyundan əvvəl təşkil olunan mətbuat konfransında sabahkı görüşlə bağlı fikirlərini bildirib:
"Bura Tacikistana qarşı yoxlama oyunundan sonra gəlmişik. Litva ilə matça yaxşı hazırlaşmışıq. Meydana müsbət nəticə qazanmaq üçün çıxacağıq.
Güclü komandaya qarşı oynayacağıq. Litva ilk matçda qələbə qazanıb. Rəqibin Avropa klublarında oynayan futbolçuları çoxdur. Uzun müddətdir eyni heyətlə çıxış edirlər. Amma futbolçulara lazımi tapşırıqlar verilib. İnşallah, düşündüklərimizi meydanda icra edib lazımi nəticəni qazanarıq.
Sabah bizim üçün əlamətdar gündür. Anım Günüdür. Bu gün burada olmağımızın səbəbkarları olan şəhidlərimizə, qazilərimizə, Vətən müharibəsində iştirak edən hər kəsə borcluyuq. Bu barədə futbolçularla danışığımız olub. Sabah yenə də söhbət edəcəyik".
Zədəlilərin durumuna toxunan baş məşqçi futbolçu Xaybullayevin düşərgədəki vəziyyətinə aydınlıq gətirib:
"Xaybullayevdə problem yoxdur. Yorğunluğu da var idi. Fikirləşdiyimiz heyətlə plan üzrə məşq edirik".
Mətbuat mənsublarının üzərinə düşən böyük məsuliyyətlə bağlı sualını cavablandıran Abbasov bu yükün onun üçün yad olmadığını vurğulayıb:
"Milli komandadan olan gündən buna hazırıq. Burada olduğumuz ilk gündən məsuliyyətimizi dərk edirik. Biz işə U-21-də başlamışdıq. Fransa ilə oyundan öncə isə əsas millidə vəzifəyə gəldik. Yuxarı qalxmaq üçün çalışmaq lazımdır".
Xatırladaq ki, Litva və Azərbaycan seçmələri arasındakı qarşılaşma sentyabrın 27-də baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.













