"Fənərbaxça" rəhbərliyi idman direktoru Damyen Komolli ilə yollarını ayırmağa hazırlaşır. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, fransalı mütəxəssisin klub prezidenti Ali Koç və baş məşqçi Ərsun Yanal arasındakı münasibətlərinin tamamilə pozulduğu bildirilir.

İddialara əsasən, Komolli artıq vəzifəsindən kənarlaşdırılsa da, "Fənərbaxça" rəhbərliyi hələlik bu ayrılığı rəsmən açıqlamağa tələsmir.

Bu arada Komollinin Azərbaycan yığmasına gələcəyinə dair iddialar var. Əldə etdiyimiz məlumata görə, fransalı mütəxəssisin millimizə texniki direktor təyin olunması gözlənilir. Böyük ehtimalla, 47 yaşlı mütəxəssis Türkiyə klubu ilə vidalaşdıqdan sonra AFFA rəhbərliyi ilə yekun danışıqlar üçün masa arxasına oturacaq.

Qeyd edək ki, 1992-1995-ci illər aralığında "Monako"nun yeniyetmə komandalarında məşqçilik edən Komolli, 1996-cı ildən etibarən London "Arsenal"ında skautluq etməyə başlayıb. İngiltərə təmsilçisindəki 8 illik fəaliyyəti ərzində Kolo Ture, Qael Klişi, Tyerri Anri və Robert Pires kimi məşhur futbolçuları üzə çıxarıb. 2004/05 mövsümündə çalışdığı "Sent-Etyen"də də uğurlu olan mütəxəssis, növbəti mövsümdən etibarən "Tottenhem"in idman direktoru vəzifəsinə təyin olunub. O, burada Qaret Beyl, Alan Hatton, Kevin Prins Boatenq və Yunes Kabul kimi gəncləri kəşf edərək komandaya qatılmasına nail olub, həmçinin Luka Modriç, Benu Assu-Ekotto, Eurelyo Qomes, Vedran çorluka, Dimitar Berbatov və Roman Pavlyuçenko kimi ünlülərin də transferini gerçəkləşdirib.

2008-2010-cu illər aralığında yenidən "Sent-Etyen"ə qayıdan və bu klubun idman direktoru postunu tutan Komolli, 2010-cu ildə "Liverpul"da işə başlayıb. İngiltərə nəhəngindəki ilk mövsümündəcə Luis Suares, Endi Kerrollun transferlərinə imza atıb. 2011/12 mövsümündə fransalı mütəxəssis "Liverpul"u Cordan Henderson, çarli Adam, Stüart Dauninq, Doni, Xose Enrike, Sebastyan Koates və Kreyq Bellammi kimi oyunçularla gücləndirib. 2012-ci ildə "Liverpul"dan ayrılandan sonra uzun müddət işsiz qalan mütəxəssis "Fənərbaxça"da 2018-ci ildən çalışırdı.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest