"Səbail"in oyunçusu Vüqar Bəybalayev  komanda ilə təlim-məşq toplanışı üçün Antalyaya aparılmayıb. İddialara görə, buna səbəb oyunçunun maaşının artırılmasını istəməsi olub.

Bəybalayev Matc.az-a verdiyi açıqlamada yayılan söz-söhbətlərə münasibət bildirib. O, Antalyaya aparılmadığını təsdiqləsə də, məsələnin başqa cür olduğunu söyləyib.

"Mənim klubla müqaviləm may ayında bitir. Müqaviləm bitməmiş maaşımın artırlamasını necə tələb edə bilərəm? Belə hallar yalnız mövsüm sonunda tələb oluna bilər. "Səbail"lə Antalyaya getməməyimin səbəbi başqadır. Belə ki, klub məndən maaşımın azaldılmasını istədi. Mən də razılaşmadım. Açığı, az məbləğ də deyildi. Bu səbəbdən də əvəzedici heyətə göndərilmişəm. Ancaq yenə də rəhbərlik və məşqçilər heyətinin qərarına hörmətlə yanaşıram. Mənim üçün heç bir problem yoxdu. Hazırda məşqlərimə davam edirəm. Bura göndərildiyim üçün  geriliyəcəyimi də düşünmürəm. Əgər Aftandil Hacıyev yenidən məni əsas komandaya cəlb edərsə, yenə də gedib əlimdən gələni edəcəm" – deyə, Vüqar bildirib.

Qeyd edək ki, "Səbail" artıq 3 gündür  Antalya şəhərindədir. "Dənizçilər" bu gün ilk yoxlama oyununu keçirəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest